“Qış nağılı” Beynəlxalq Musiqi Festivalının səhnəsində “Eyforiya” ansamblının virtuoz musiqiçiləri çıxış ediblər
Uğurla davam edən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının üçüncü günü, fevralın 9-da axşam Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara məşhur akkordeon ifaçısı Aydar Qaynullinin rəhbərliyi ilə “Eyforiya” ansamblının (Rusiya-Almaniya) konsert proqramı təqdim olunub. Tərkibi beynəlxalq müsabiqələr laureatları olan Aleksey Vaqner (gitara), Svetlana Bezotosnaya (violin, vokal), Aleksandr Muravyov (kontrabas), Sergey Şamov (zərb alətləri) kimi virtuoz ifaçılardan ibarət olan “Eyforiya” ansamblının konsert zamanı ifa etdiyi Y.Tirsenin “Ameli” kinofilmindən musiqi, A.İvanovun “Fiyesta”, A.Qaynullinin “Avrasiya”, “Eyforiya”, A.Şnitkenin “Ruhi xəstələr evində Tanqo”, A.Piazzollanın “Oblivion”, “Libertanqo”, H.Zimmerin “Mombasa”, E.Makarovun “Santa Mariya”, V.Montinin “Çardaş”, “Miserlou” və digər musiqi kompozisiyaları tamaşaçılara yüksək əhvali-ruhiyyə bəxş edib.