“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib
Qəbələdə keçirilən festival çərçivəsində fevralın 7-də Azərbaycan ilə İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: musiqi körpüsü” kamera musiqisi axşamı keçirilib. Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər. Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, proqrama Azərbaycan və italyan bəstəkarlarının romans janrında yazdıqları əsərlərinin daxil edildiyini diqqətə çatdırıb və bu janrın xüsusiyyətləri barədə qısa məlumat verib. Konsertdə V.Bellininin “Melanxoliya” romansı, Səid Rüstəmovun “İntizar”, “Hardasan”, Sevda İbrahimovanın “Oyan, Bülbül”, Tofiq Quliyevin “Bakılıyam mən”, “Lirik mahnı”, “Bəxtəvər oldum”, “Qızıl üzük”, Vasif Adıgözəlovun “Qərənfil”, “Bakı haqqında mahnı”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, həmçinin R.Falvonun “Dicitencello vuje”, S.Kardillonun “Heapolitan mahnısı “Katari”, F.Tostinin iki romansı, C.Biksionun “Parlami D amore Mariu” əsərləri səsləndirilib. Konsertdə səslənən əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.













