Rayonun ümumtəhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
Qəbələ rayonunun ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlər Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Təhsil müəssisələrinin pedaqoji kollektivlərinin və şagirdlərin iştirak etdiyi tədbirlərdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşməsində, tolerantlıq, multikulturalizm ənənələrinin yüksək qiymətləndirilməsində, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanmasında böyük xidmətləri olduğunu xüsusi vurğulamış, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu bildirmişlər. Sonda tədbirlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş olunub.













