Rayonun Yenikənd kəndində səyyar qəbul keçirilmişdir
26 aprel 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Yenikənd kənd sakinləri ilə səyyar qəbulu keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirak etdikləri qəbul zamanı giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Sonra kənd sakinləri dinlənilmişdir. Çıxış edən vətəndaşlar əhalinin rifahının yaxşılaşdırılması, əraziyə asfalt yolun çəkilməsi, yeni artezian quyusunun qazılması və yaşayış məntəqəsinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, eləcə də digər sahələrdə görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial məsələlərlə bağlı RİH başçısı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.