"Şanlı Zəfərdən zirvələrdə dalğalanan Bayrağa” adlı tədbir keçirilib
Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Şanlı Zəfərdən zirvələrdə dalğalanan Bayrağa” adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, torpaq bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər bu əlamətdar günlərin Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldığını, hər bir soydaşımız üçün böyük fəxr və qürur mənbəyi olduğunu qeyd edərək, qazanılan tarixi nailiyyətlərdən, xalqımızın müstəqillik və zəfər yolunda keçdiyi mübarizədən, üçrəngli bayrağımızın milli birliyimizin və müstəqilliyimizin əbədi rəmzi olaraq hər zaman ən uca zirvələrdə dalğalanmasının qürurundan, eləcə də bu müqəddəs tarixin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsindəki mühüm rolundan bəhs ediblər.Tədbirin bədii hissəsində məktəblilərin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şeirlər söylənib, rəqslər nümayiş etdirilib. Sonda Şanlı Zəfərimizə və Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarxlar izlənilib.













