Şəhid Xəyyam Səmədovun ailə üzvlərinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı təqdim edilmişdir
27 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatında şəhadətə yüksəlmiş Qəbələ rayon Mirzəbəyli kənd sakini Azərbaycan Silahlı Qüvvələrinin mayoru Səmədov Xəyyam Mirazim oğlunun məzarı ziyarət edilmiş, üzərinə gül dəstələri düzülərək, xatirəsi anılmış, ruhuna dualar oxunmuşdur. Mirzəbəyli kənd məktəbində davam edən tədbirdə lokal xarakterli antiterror əməliyyatında iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmuş şəhidin ailə üzvlərinə Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli müvafiq sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı təqdim olunmuşdur. Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə çıxış edənlər qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu qeyd etmiş, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr, qazilərə can sağlığı arzulamışlar. Tədbirdə iştirak edən şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.