Səkkiz ayda Qəbələdə sənaye məhsulu istehsalı 12,2 faiz artıb
Cari ilin yanvar-avqust aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 95 milyon 742 min manatlıq məhsul istehsal olunub. Qəbələ Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 408,3 min manat və ya 12,2 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 10,8 faizi dövlət, 89,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. Səkkiz ayda rayonda 8 milyon 884,4 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu, istehsal olunan sənaye məhsulunun 9,3 faizini təşkil edir. Qurumdan verilən məlumata görə, rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Cari ilin yanvar-avqust aylarında rayonda istehsal edilən sənaye məhsulunun 82,7 faizi emal sektorunun payına düşüb.