“Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilmişdir
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilmişdir. Tədbirdə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərlə yanaşı, regionda fəaliyyət göstərən işəgötürülənlər də iştirak edib. Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva çıxışında ölkəmizdə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesinin önəmi, işəgötürənlərin prosesdəki rolu və maraqları barədə məlumatlarvermişdir. Agentliyin regiondakı rəsmi tərəfdaşı olan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışmışdır. Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunmuşdur.