“Təkəlduzla toxunan xəyallar” adlı fərdi təqdimat sərgisi keçirilib
31 oktyabr 2025-ci il tarixində Qəbələ Dövlət Rəsm Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının yeni üzvü, istedadlı təkəlduz ustası Şəfəq Cəlilovanın “Təkəlduzla toxunan xəyallar” adlı fərdi təqdimat sərgisi keçirilib. Sərgidə sənətkarın milli dəyərlərimizi, zəriflik və duyğusal dərinliyi özündə birləşdirən təkəlduz əsərləri nümayiş olunub. Əl işlərində ənənəvi tikmə texnikası müasir estetik baxışla vəhdət təşkil edərək, tamaşaçılara həm sənət, həm də mənəvi zövq bəxş edib. Tədbirdə çıxış edənlər Şəfəq Cəlilovanın sənət yolundan, onun Azərbaycan dekorativ-tətbiqi sənətinin qorunması və inkişafına verdiyi töhfələrdən danışıblar. Sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.













