Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edilməsi ilə əlaqədar tədbir keçirilib
Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili Qoşunların N saylı Hərbi hissəsində tədbir keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələri və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək tarixi şəxsiyyətin və qəhrəman vətən övladlarının ruhlarına ehtiram ifadə olunmuşdur. Daxili Qoşunların N saylı Hərbi hissəsində davam edən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılmışdır. Tədbirdə çıxış edənlər müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömrü yolundan, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs etmiş, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, o cümlədən ölkəmizdə keçirilmiş COP29-un mahiyyəti və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, həmçinin ekoloji qanun pozuntularından söz açmışlar. Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılmış, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılmışdır.