“Uşaq hüquqlarını birlikdə qoruyaq” adlı tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi 2022-ci ildə də 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilmişdir. Bu münasibətlə 15 noyabr 2022-ci il tarixində Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon uşaq və ailələrə dəstək mərkəzinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı“ çərçivəsində “Uşaq hüquqlarını birlikdə qoruyaq” adlı tədbir keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon uşaq və ailələrə dəstək mərkəzinin, təhsil sektorunun, polis şöbəsinin və qeydiyyat şöbəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhər 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiyanın ildönümü, 20 may-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Tədbirdə çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirilməsini şagirdlərin diqqətinə çatdırmışlar.