Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilmişdir
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun müvafiq sərəncamına əsasən Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan müharibə iştirakçılarına medalların təqdim olunması ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş rayonumuzdan olan vətən müharibəsi iştirakçılarına medallar təqdim olunmuşdur. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin, idarə, müəssisə, təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən, qəhrəmanlıqla döyüşən əsgərlərimizin şücaətindən danışmış, medala laiq görülmüş müharibə iştirakçılarını təbrik edərək, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr diləmiş, qazilərə can sağlığı arzulamışlar. Müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.