XII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib
28 fevral 2024-cü il tarixdə Rusiyanın Stavropol diyarının Mineralnıye Vodı şəhərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə XII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Forumda Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev də iştirak etmişdir. Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və media nümayəndələrinin iştirak etdiyi Forumda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb. Öncə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub. Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin, Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçukun, Rusiya Federal Məclisinin, Azərbaycan Respublikası Milli Məclisinin nümayəndələrinin və digərlərinin çıxışlarında iki ölkə arasında imzalanmış “Əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi”nin ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasında önəmli rol oynayacağı qeyd edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, keçirilmiş Forumun iki qonşu dövlət, eləcə də Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyası Stavropol vilayəti Kislovodsk - kurort şəhəri Administrasiyası arasında imzalanmış əməkdaşlıq və qardaşlıq münasibətləri haqqında Sazişə əsasən iki şəhər arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər açacağını, hər iki ölkənin regionları arasında əlaqələri və səmərəli əməkdaşlığı gücləndirəcəyini, Rusiya-Azərbaycan dostluğunun yüksək səviyyədə tərəqqisinə öz töhfəsini verəcəyini bildirmişdir. Forum çərçivəsində iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, regionlararası əməkdaşlığın dərinləşdirilməsi potensialı və başqa aktual məsələlər barədə fikir mübadiləsi aparılmışdır.