XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı üçüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir. Festival çərçivəsində iyulun 29-da axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi axşamında musiqisevərlər qarşısında respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Solistlərin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertdə M.Qlinkanın “Patetik trio”, F.Listin “2 nömrəli konsert etüdü”, Q.Donizzetinin “Luçiya di Lammermur” operasından Edqarın ariyası, P.İ.Çaykovskinin “Yevgeni Onegin” operasından Lenskinin ariyası, C.Puççininin “Canni Skiki” operasından Canni Skikinin ariyası, V.A.Motsartın “Hamı belə edir” operasından Qulyelmonun ariyası və digər bəstəkarların əsərləri səsləndirilib.