Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub

28 iyul 2023 | 11:59

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə baş tutan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iyulun 27-də təntənəli açılış mərasimi keçirilib. Öncə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub. Məktubda Birinci xanım XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayaraq festivalın işinə uğurlar diləmiş, hər kəsə ən xoş arzularını çatdırmış və Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, yaxın günlərdə baş tutmuş ənənəvi Beynəlxalq Muğam Festivalı kimi möhtəşəm tədbirlərin Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələrini bir araya topladığını, eləcə də Azərbaycanın tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərildiyini vurğulamışdır. Həmçinin, məktubda 2009-cu ildən etibarən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndirilmiş, Festivalın qonaqlarımızın yaddaşında və Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacağı qeyd edilmişdir. Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında ölkəmizdə ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu qeyd edərək, builki festivalın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini vurğulamış, bu yubileyin ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox böyük hadisə olduğunu bildirmişdir. Sonra XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı açıq elan olunub. Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Viva Opera” adlı konsertlə başlayıb. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva, Əvəz Abdullayev, Samir Cəfərov, Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova çıxış ediblər.

Keçidlər