XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının yekun konserti olub
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının avqustun 2-də təntənəli bağlanış konserti keçirilib. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 27-də başlanan və yeddi gün davam edən musiqi bayramı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu. Konsertdə Azərbaycan Respublikasının Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının və Əməkdar artist Emil Əfrasiyabın ifasında səslənən Ü.Hacıbəylinin, C.Cahangirovun, A.Pyatsollanın, V.Coşmanın kinofilmlərə bəslədikləri musiqilərlə yanaşı, bəstəkar və xalq mahnıları, rəqsləri, eləcə də Ə.Sadıqovun və E.Əfrasiyabın öz bəstələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Beləliklə, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Nüfuzu ildən-ilə artmaqda olan bu festival Azərbaycanın mədəni həyatında çox mühüm əhəmiyyətə malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də maarifləndirmə və yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir.