“Xilaskarlıq missiyasından şanlı gələcəyə: Heydər Əliyev dühası və qüdrətli Azərbaycan” mövzusunda tədbir keçirilib
İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının və Qəbələ rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Xilaskarlıq missiyasından şanlı gələcəyə: Heydər Əliyev dühası və qüdrətli Azərbaycan” mövzusunda tədbir keçirilib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov 15 İyun tarixinin Azərbaycanın dövlətçilik salnaməsindəki müstəsna əhəmiyyətindən bəhs edərək bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan xalqının fəlakətlərdən qurtulduğu, müstəqilliyimizin dönməz xarakter aldığı tarixi dönüş nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaqdan və vətəndaş müharibəsindən xilas etdi. Bu gün Ümummilli Liderin siyasi xəttini böyük qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək tarixinin ən qüdrətli dövrünü yaşayır. Milli Qurtuluş ideologiyası bizi şanlı Zəfərə çatdıran ən güclü təməldir”. Səhiyyə işçiləri ərazi partiya təşkilatının sədri, Qəbələ RMX PHŞ-nin direktoru Ceyhun Əhmədov çıxış edərək Ümummilli Liderin ölkənin bütün sahələrində, o cümlədən səhiyyədə apardığı islahatların əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Milli Qurtuluş Gününün rəsmi dövlət bayramı kimi qeyd olunması Heydər Əliyev dühasına olan sonsuz xalq sevgisinin təzahürüdür. Ulu Öndər əsasını qoyduğu milli dövlətçilik konsepsiyası ilə ölkəmizin gələcək inkişaf yollarını müəyyənləşdirib. Bu gün Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, müasir tibb infrastrukturunun qurulması məhz həmin qurtuluş strategiyasının uğurlu davamıdır. Çıxış edən digər partiya fəalları Ulu Öndərin zəngin dövlətçilik irsindən, müasir Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən və YAP-ın cəmiyyətdəki aparıcı rolundan danışıblar. Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənc əməkdaşlara üzvlük vəsiqələri təntənəli şəkildə verilib. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.













