XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də möhtəşəmliyi ilə musiqisevərlərin diqqətini Qəbələyə cəlb edə bilib. 29 iyul tarixində keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə tamaşaçılara “Viva opera” konsert proqramı görkəmli musiqi xadimləri Vasif Adıgözəlovun 90, Rauf Atakişiyevin 100 illik yubileylərinə həsr olunub. Xalq artistləri Yalçın Adıgözəlovun və Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə solistlər Murad Adıgözəlzadə (piano), Yusif Eyvazov (tenor),eləcə də Aytac Şıxəlizadə (mezzo soprano) və Əvəz Abdullanın (bariton) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.













