XV Qəbələ Beynəlxalq Musiqi Festivalı təntənəli şəkildə başa çatıb
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşıb. İllərdir dünya musiqisinin müxtəlif simalarını bir araya gətirən festival bu il də Azərbaycanla yanaşı Almaniya, Avstriya, Qazaxıstan, Niderland, Özbəkistan, Moldova, Rusiya və Vyetnamdan olan tanınmış sənətçiləri, rəqs kollektivlərini Qəbələdə toplayaraq mədəniyyətlərarası dialoqun mühüm ünvanına çevrilib. Festivalın yekun konsertində Əməkdar artist Fuad İbrahimovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Əməkdar artist Elnarə Məmmədova və musiqiçilər Lalə Mürşüdlü (saprano), Zərifə Alxasova (violin), Nəcəf Vəliyev (trumpet) çıxış ediblər. Cahangir Allahverdiyevin "Qələbə uvertürası" ilə başlayan musiqi gecəsində milli bəstəkarlarımızın ölməz əsərləri ilə yanaşı dahi dünya bəstəkarlarının opera nümunələri səsləndirilib. 2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il də musiqisevərlərə unudulmaz anlar bəxş edərək xalqları birləşdirən mədəniyyət körpüsü kimi öz işini uğurla başa vurub.













