XV Qəbələ Beynəlxalq Musiqi Festivalında “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” təqdim olunub
Festival çərçivəsində təşkil olunan növbəti rəngarəng konsert proqramı kinosevərlərə və musiqisevərlərə unudulmaz anlar bəxş edib. Gecədə Azərbaycan və dünya kinosunun ən sevilən şah əsərlərinə bəstələnmiş musiqi parçaları səsləndirilib. Proqramda bədii rəhbər və baş sirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə “Scorrento” orkestrinin ifasında Tofiq Quliyevin “Görüş”, Arif Məlikovun “Axırıncı aşırım”, Xəyyam Mirzəzadənin “Yeddi oğul istərəm” və Fikrət Əmirovun “Böyük dayaq” kimi milli kinosənətimizin inciləri yer alıb. Eyni zamanda, Con Vilyams, Hans Zimmer, Ennio Morrikone, Nino Rota və digər dünyaşöhrətli bəstəkarların “Ulduz müharibələri”, “Harri Potter”, “Şindlerin siyahısı”, “Karib dənizinin quldurları”, “İnterstellar”, “Xaç atası” və “Rokki” kimi əfsanəvi filmlərə yazdığı musiqilər yüksək peşəkarlıqla ifa olunub. Kino və musiqinin füsunkar sintezini təqdim edən bu möhtəşəm konsert proqramı dinləyicilərə xoş duyğular bəxş edərək tamaşaçıların coşqulu və gur alqışları ilə yekunlaşıb.













