"Yaddaşlara həkk olan ömür yolu" adlı sərgi-tədbir keçirilib
09 dekabr 2025-ci il tarixdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzində "Yaddaşlara həkk olan ömür yolu" adlı sərgi-tədbir keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, rayon təhsil sektorunun, Qəbələ Dövlət Rəsm Qalereyasının, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Tarix-Diyarşünaslıq Muzeyinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsindəki misilsiz xidmətlərini xüsusi vurğulayıblar. Tədbir çərçivəsində Heydər Əliyevinin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ziyarətçilərə təqdim edilib, sənədli film nümayiş olunub, məktəblilərin ifasında şeir kompozisiyaları səsləndirilib.













