YAP Qəbələ Rayon Təşkilatında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.
31 iyul 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ Rayon Təşkilatının və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti nəticəsində Azərbaycan dilinin dövlət dili kimi mövqeyi möhkəmlənib və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxış edənlər Azərbaycan dilinin milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın və milli kimliyimizin əsas sütunlarından biri olduğunu vurğulayaraq, ana dilinin tədrisi, qorunması, düzgün istifadəsi və gənc nəslə sevdirilməsinin vacibliyini qeyd etmişlər. Tədbirdə şagirdlərin ifasında ana dilinə həsr olunmuş şeirlər səsləndirilmiş, 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Sonda 2026-cı il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən bir qrup şagirdə hədiyyələr təqdim olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.













