“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Qəbələ rayonu ərazisində ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilmişdir
10 may 2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Qəbələ rayonu ərazisində ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının, idarə müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların, ağsaqqalların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən konfrans Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlamış, Ulu Öndərin və torpaqlarımızın işğaldan azad olması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Liderin təməlini qoyduğu daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırmışdır. Çıxış edən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “Ətraf mühitdən istifadənin tənzimlənməsi, ekoloji maarifləndirmə” sektorunun baş məsləhətçisi Neman Kərimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ilk dəfə ümumittifaq miqyasında yaşıllaşdırma tədbirlərinin ölkəmizdə həyata keçirildiyini, qeyd etmiş, Azərbaycanın zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması, ölkənin ekoloji siyasətinin formalaşması və inkişaf etdirilməsi, respublikamızda, eləcə də, Qəbələ rayonunda bu sahədə görülmüş işlərdən danışmışdır. Digər çıxış edənlər dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük layihələrdən, iqtisadi islahatlardan, Ulu Öndərin Qəbələ rayonuna səfərlərinin əhəmiyyətindən bəhs etmişlər. Sonda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Heydər Əliyev irsinin təbliğində və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup şəxsə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilmişdir.