Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib
Keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov ilk növbədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. O, qeyd edib ki, Azərbaycan qadını tarix boyu öz müdrikliyi, mərhəməti, vətənpərvərliyi və fədakarlığı ilə cəmiyyətimizin dayağı olmuşdur. Bu gün də qadınlarımız dövlət quruculuğunda, ictimai-siyasi həyatda, təhsildə, səhiyyədə və digər sahələrdə fəal iştirak edirlər. Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan xanımlarımız da daim yüksək fəallıq nümayiş etdirir, milli dəyərlərimizin qorunmasına və dövlətimizin siyasətinin həyata keçirilməsinə layiqli töhfə verirlər. Daha sonra tədbirdə iştirak edən qadınlara Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirakına görə Fəxri Fərman, “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə isə hədiyyələr təqdim edilib. Tədbirin sonunda qadınlar adından çıxış edən Arifə Bayramova göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını ifadə edib. O, ölkəmizdə qadınlara verilən yüksək dəyəri xüsusi vurğulayaraq, Azərbaycanın daha da çiçəklənməsi naminə və partiyanın fəaliyyətində bundan sonra da əzmlə çalışmağa davam edəcəklərini bildirib.













