Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının XI konfransı keçirilmişdir
14 sentyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının XI konfransı keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər. Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov hesabat məruzəsi ilə çıxış edərək partiyanın keçdiyi şərəfli yoldan, ölkənin ictimai-siyasi həyatındakı aparıcı rolundan və rayon təşkilatının hesabat dövründə gördüyü işlərdən bəhs etmişdir. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi ilə yaradıldığını, cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd etmiş, əldə edilən mühüm sosial-iqtisadi nailiyyətlərə və tarixi Zəfərə toxunaraq, bu uğurlarda partiyanın mühüm rolunu diqqətə çatdırmışdır. Milli Məclisin deputatı Eyvaz Qurbanov çıxış edərək yeni reallıqlar şəraitində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların müasir çağırışlara uyğun bilik və bacarıqlara yiyələnərək ictimai-siyasi proseslərdə fəal mövqe tutmasının vacibliyini bildirərək, bu istiqamətdə rayon təşkilatının qarşısında mühüm vəzifələrin dayandığını qeyd etmişdir. YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xəqani Tağıyev isə çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən bəhs edərək, yerli təşkilatların fəaliyyətinin partiyanın Nizamnamə və Proqramına uyğun qurulmasını, eləcə də üzvlərlə işin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır. Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasını inkişaf edən ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi naminə öz prinsip və amallarına daim sadiq olan möhtəşəm bir partiya olduğunu diqqətə çatdıraraq, Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulamışlar. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşmışdır.













