“Zəfərin mübarək Vətən!” adlı tədbir keçirilib
01 noyabr 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində “Zəfərin mübarək Vətən!” adlı tədbir keçirilib. Tədbirdə SHXÇDX-nin Qəbələ rayon şöbəsinin şəxsi heyəti, ümumtəhsil məktəblərindən idmanda, təhsildə fərqlənən yuxarı sinif şagirdləri, Vətən Müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri iştirak etmişlər. Tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi polkovnik Anar Ağabəyov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu qeyd etmişdir. Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbədən müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından da danışmış, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr diləmiş, qazilərə can sağlığı arzulamışlar. Tədbirdə iştirak edən qazilər və şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.