“Zərif irsin işığında” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatında görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş “Zərif irsin işığında” adlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə görkəmli oftalmoloq Zərifə Əliyevanın büstü önünə gül dəstələri düzərək, akademikin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. YAP Qəbələ rayon təşkilatında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Zərifə xanım Əliyevanın Azərbaycan elminə verdiyi misilsiz töhfələrdən, onun humanist dəyərlərə əsaslanan zəngin irsindən bəhsetmiş, eyni zamanda onun insanlara göstərdiyi qayğı və diqqətin şəxsiyyətinin ayrılmaz hissəsi olduğunu vurğulamışdır. Çıxış edənlər akademik Zərifə Əliyevanın həyat yolunun, elmi nailiyyətlərinin və yüksək mənəvi keyfiyyətlərinin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını bildirmiş, onun zəngin irsinin gələcək nəsillər üçün daim bir məktəb və ilham mənbəyi olaraq qalacağını qeyd etmişlər. Sonda görkəmli akademikin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.













