Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ və Qnezno şəhərləri arasında əməkdaşlıq əlaqələri

07 noyabr 2012 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin dəvəti ilə Polşa Respublikasının Qnezno şəhər icra hakimi Yatsek Kovalski, Qnezno Şəhər İdarəsinin təhsil, mədəniyyət və idman şöbəsinin direktoru Telesfor Qoşçinyak, Qnezno Şəhər Şurasının Şəhər İqtisadiyyatı və Ətraf Mühitin Qorunması komissiyasının sədri Viktor Kolinski Polşanın ilk paytaxtı ilə Qəbələ rayonu arasında əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Qəbələyə səfər etmişlər.
İlk öncə qonaqlar Qəbələ şəhərində Heydər Əliyev parkına gələrək, Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Daha sonra rayon icra hakimiyyətinin konfrans zalında onların rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevlə görüşü olmuşdur.
RİH başçısı tərəfindən qonaqlara Qəbələ rayonu haqqında geniş məlumat verilərək, buranın tarixi bir məkan, 900 il Qafqaz Albaniyasının paytaxtı olduğu diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, respublikamızın hər yerində uğurla həyata keçirilən sosial-iqtisadi inkişafı bu gün Qəbələ rayonunun simasında da bariz nümunəsini görmək olar. Rayonda yaranan yeni istehsal müəssisələri, sənaye obyektləri və turizm sektoru bu gün Qəbələnin iqtisadi inkişafının dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin burada keçirilməsi bu yerin füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha sərgiləyir. Fikir mübadiləsindən sonra qonaqlar RİH-nin inzibati binasında olan Heydər Əliyev guşəsi və iş otaqları ilə yaxından tanış olmuşlar. Daha sonra rayonda tikintisi başa çatmaq üzrə olan Qəbələ mədəniyyət Mərkəzinin inzibati binasına baxış keçirilmişdir. Yatsek Kovalski mədəniyyət mərkəzinin yüksək zövqlə inşa olunduğunu vurğulamışdır.
Şəhərlə yaxından tanış olan qonaqlar Heydər Əliyev Mərkəzinə gəlmişlər. Burada qonaqlara Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bu gün Azərbaycanda gedən yüksək iqtisadi inkişaf, Azərbaycanın dünya dövlətləri arasında etibarlı tərəfdaş kimi tanınması və diplomatik münasibətlərin yaranması ölkənin dünya birliyinə sistemli surətdə inteqrasiya etməsi dahi liderin məqsədyönlü siyasətinin nəticəsi olduğu vurğulanmışdır.
Respublikada müvəffəqiyyətlə həyata keçirilən tarazlı inkişaf strategiyası ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qonaqların diqqətinə çatdırılmışdır. Daha sonra nümayəndə heyəti Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiya ilə yaxından tanış olmuşdur.
Onlara 1980-ci ildən fəaliyyət göstərən muzeyin əsas fondunda Qəbələnin 2.500 illik tarixini əks etdirən 20 minə yaxın tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunduğu, həmçinin arxeoloji, etnoqrafik, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap kitablarının burada qorunub saxlanıldığı bildirilmişdir.
Polşa Respublikasından gələn qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görüldüyünü söyləyərək, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə yaranan turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhvələri yüksək qiymətləndirərək Qəbələyə səfərlərindən məmnunluğunu ifadə etmişlər.
Polşa Respublikasının Qnezno şəhəri nümayəndə heyətinin Qəbələ rayonunda səfəri davam edir.
 

Keçidlər