Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda “Qəbələ - MDB-nin mədəniyyət paytaxtı” çərçivəsində yekun tədbir keçirilmişdir.

16 mart 2014 | 16:00

2013-cü ildə Qəbələnin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda keçirilən yekun tədbirlərin təntənəli bağlanış mərasimi olmuşdur.
Tədbirdə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Qəbələnin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Tədbirin rəsmi hissəsində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev bu günün rayonun həyatında əlamətdar hadisə olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 2013-cü ildə Qəbələyə “MDB-nin mədəniyyət paytaxtı” titulu Birliyə üzv dövlətlərin humanitar Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun qərarına əsasən verilmişdir. Bu müddət ərzində Qəbələdə bir sıra beynəlxalq mədəni tədbirlər keçirilmişdir. Azərbaycan dövləti və Heydər Əliyev Fondunun dəstəyi ilə hazırda Qəbələdə təşkil edilən mədəni tədbirlər nəinki MDB, hətta dünya mədəni irsinə böyük töhfədir.
Sonra cənab Səbuhi Abdullayev “MDB-nin Mədəniyyət paytaxtı” estafetinin 2014-cü ildə bu ada layiq görülən Qazaxıstanın Almatı və Qırğızıstanın Oş şəhərinə keçdiyini bildirmişdir. Rayon icra hakimiyyətinin başçısı Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2014-cü ildə Qəbələnin “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunmasının tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Daha sonra cənab Səbuhi Abdullayev Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğluna, Fondun icraçı direktoru Anatoli İksanova, Qazaxıstanın Almatı şəhərinin mədəniyyət idarəsinin rəis müavini Juldız Ömərbəyova və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevə diplomlar təqdim etmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qəbələnin MDB-nin mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirməsindən qürur duyduğunu bildirmişdir. O demişdir ki, Qəbələdə yaradılan müasir infrastruktur rayonda beynəlxalq əhəmiyyətli mədəni tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qədim tarixə və gözəl təbiətə malik Qəbələnin MDB-nin mədəniyyət paytaxtı kimi mühüm nailiyyətə imza atdığını bildirmişdir. Qeyd etmişdir ki, bu cür layihələr mədəni sahədə ölkələr və xalqlararası münasibətləri daha da genişləndirir. Tədbirin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı təqdim olunmuşdur. Konsertdə “XXI əsrin tenorları” art-layihəsi üzvləri Aleksandr Zaxarov, Maksim Paster, Sergey Pisarev və Dmitri Sibirtsev bir-birindən maraqlı ifaları ilə tədbir iştirakçılarının əhval-ruhiyyəsini daha da artırmışdır.
Sonda “Qorxma, mən səninləyəm! 1919” bədii filminin nümayişi olmuşdur. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan filmin çəkilişləri ölkəmizin 6 rayonunda aparılmışdır. Ötən əsrin 80-ci illərində çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminin davamı kimi ekranlaşdırılan yeni ekran əsərində tanınmış azərbaycanlı və rusiyalı aktyorlar çəkilmişlər.
Filmin ssenari müəllifi və rejissoru Rusiyanın Xalq Artisti Yuli Qusman və əsas rollardan birinin ifaçısı Polad Bülbüloğlu kino əsərinin yaranma tarixindən danışmışlar. Onlar filmin ərsəyə gəlməsində Azərbaycan dövlətinin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük dəstəyindən bəhs etmişlər. Polad Bülbüloğlunun bir neçə sevimli mahnını ifa etməsi isə tədbir iştirakçılarının bayram əhval - ruhiyyəsini daha da artırmışdır.
Beləliklə, Qəbələnin ötən il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda keçirilən yekun tədbirlər bir daha sübut etmişdir ki, Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ “MDB-nin mədəniyyət paytaxtı” kimi mühüm titulu layiqincə daşımışdır.

Keçidlər