Qəbələ Rayon Prokurorluğunun yeni tikilmiş inzibati binasının açılışı və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Elmi-Məsləhət Şurasının xüsusi iclası keçirilb
14 iyun 2023-cü il tarixdə Qəbələ Rayon Prokurorluğunun yeni tikilmiş inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad etmişlər. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Respublikası Baş Prokuroru yanında Elmi-Məsləhət Şurasının üzvləri və tədbirə dəvət olunmuş qonaqların iştirak etdiyi açılış mərasimindən sonra 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Elmi-Məsləhət Şurasının xüsusi iclası keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizin mövcudluğunda xilaskar rolu və əhəmiyyəti, onun dərin zəkası və zəngin dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq ölkədə həyata keçirilən dövlət quruculuğu işləri və hüquq siyasəti istiqamətindən bəhs etmiş, Ulu Öndərin Azərbaycan Prokurorluğunun formalaşmasında mühüm rol oynadığını vurğulamışdır. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ulu Öndər Heydər Əliyevin Qəbələ rayonuna qayğısı, rayonun sosial-iqtisadi inkişafı, elm, təhsil, mədəniyyət və turizm potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən müstəsna rolundan bəhs etmiş, Qəbələ rayon prokurorluğunun inzibati binasının istifadəyə verilməsinin çox əlamətdar bir dövrə - müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, eyni zamanda 15 iyun - Milli Qurtuluş günü ərəfəsinə təsadüf etdiyini bildirmişdir. İclasda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin müasir qanunverici, icra və məhkəmə hakimiyyəti qollarını formalaşdırmağından bəhs etmişlər. Sonda Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmi izlənilmişdir.