Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciəsidir.

25 fevral 2017 | 16:00

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Qəbələ Mədəniyyət Mərkəzində anım mərasimi keçirilmişdir. Tədbirə Qəbələ rayonunda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər, şəhid ailələri və ictimaiyyətin nümayəndələri dəvət edilmişlər.
Tədbir iştirakçıları ilk öncə Mərkəzinin foyesində təşkil olunmuş  Xocalı faciəsinin  dəhşətlərini özündə əks etdirən rəsmlərə baxış keçirmişlər. Mərasimi İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin Qəbələ rayonu üzrə nümyəndəsi  Nargilə Qafarova açmışdır. Toplantıda Xocalı soyqırımı qurbanlarının və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış üçün söz Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevə verilmişdir. RİH başçısı çıxış edərək diqqətə çatdırmışdır ki, bu gün vətənimizdə, ölkəmizdə kədərli bir gündür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xalqımız 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Soydaşlarımız zaman-zaman tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayət olunmuşdur. Qeyd olunmuşdur ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr Azərbaycanın tarixi ərazisində kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanların həlak olması, yüz minlərlə vətəndaşlarımızın öz ata-baba torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistanın Dağlıq Qarabağı özünə birləşdirmək istəyi XX əsrin ən böyük faciələrindən olan, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır, ən qatı cinayətlərdən biridir. Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.  Həmin gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Mühasirədə qaldığı 4 aydan artıq müddətdə əhalinin xeyli hissəsi şəhərdən çıxmağa məcbur olmuşdu. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106  nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150 nəfərinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin qəbul etdiyi dörd qətnamənin icra edilməsini, erməni hərbi birləşmələrinin Dağlıq Qarabağdan qeyri-şərtsiz çıxmasını tələb edir. Biz hesab edirik ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəldilmiş ən qanlı  qətliamdır. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Natiq diqqətə çatdırmışdır ki,  torpaqlqrımızın işğaldan azad edilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün zəruri təbirlər görülür. Ölkə başçısının yanvarın 24-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamından söz açan Səbuhi Abdullyev qeyd etmişdir ki,  Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi davam etdiyi müddət ərzində ilk belə haldır və böyük qayıdışın başlanğıcıdır. Mərasimdə Xocalı sakini Qiyas Əhmədov çıxış edərək ermənilərin zaman-zaman qanlı faciələr törətdiklərindən söz açmış, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd etmişdir. Toplantıda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Sonda anım mərasimini yekunlaşdıran RİH-nin başçısı cənab Səbuhi Abdullayev  Xocalı soyqırımında şəhid olanların ailə üzvlərinə, əlil olmuş, əzizlərini itirmiş və köçkün düşmüş soydaşlarımıza səbrli, iradəli və dözümlü olmalarını arzu edərək ölkə rəhbərliyinin və beynəlxalq təşkilatların birgə səyləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına,  qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacağına əminliyini bildirmişdir.

Keçidlər