Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərimizlə görüş keçirilmişdir.

18 noyabr 2018 | 04:00

Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında Şura üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərimizlə görüş keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək bildirmişdir ki, artıq beşinci ildir dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə məktəblilərin “Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyalar keçirilir. Qeyd olunub ki, bu gün ənənə halını alan layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda əldə edilən sosial-iqtisadi inkişaf, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. RİH başçısı Azərbaycanın iqtisadiyyatında mühüm əhəmiyyətə malik “Əsrin müqaviləsi” adlanan neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Azərbaycanın üçüncü peyki olan “Azərspace-2” peykinin orbitə buraxılması və sair bu kimi beynəlxalq layihələrin icrasının ölkədə belə tədbirlərin keçirilməsı üçün stimul yaratdığını bildirilmişdir. Qeyd olunmuşdur ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti xalqımız tərəfindən geniş dəstəklənir, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə qayğısı böyük ruh yüksəkliyi ilə qarşılanır. Çıxışında tur-aksiyanın həm də gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması işinə xidmət etdiyini diqqətə çatdıran RİH başçısı, artıq işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin də yenidən qurulduğunu və həmin bölgələrə “Böyük qayıdış”ın başlandığını da vurğulamışdır. Natiq bildirmişdir ki, son illər beynəlxalq nüfuzu artan Azərbaycana 2018-ci ilin doqquz ayı ərzində 15 dövlət və hökumət başçısı səfər etmiş, cənab İlham Əliyev isə 12 ölkədə səfərdə olmuşdur. Bu il həm də Xəzər dənizinin hüquqi statusuna dair beş Xəzəryanı ölkə tərəfindən Azərbaycanın milli maraqlarının əks olunduğu Konvensiya qəbul edilmişdir. Məlumat verilmişdir ki, 4 il ərzində ölkəmizin bütün bölgələrinin əhatə olunduğu 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiya təşkil olunmuş, həmin tur-aksiyalarda ümumilikdə 20 min 254 nəfər məktəbli iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi bir dövrə təsadüf edən və noyabr ayının 14-17 və 18-21 tarixlərində keçiririlən 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3190 nəfərin iştirak edəcəyini diqqətə çatdıran RİH başçısı, bununla da, iştirakçıların sayının 23 444 nəfərə çatacağını vurğulamışdır. 18-21 noyabr tarixlərində Qəbələdən 40 nəfər məktəblinin tur-aksiyaya qatılacağını deyən Səbuhi Abdullayev bildirmişdir ki, şagirdlərimizə səfər edəcəkləri Quba, Qusar və Xaçmaz rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və təbliği istiqamətində həyata keçirilən önəmli layihələr barədə geniş məlumat veriləcək, onlar Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanlarını gəzəcəklər. Çıxışda məktəblilərimizin maarifləndirici tur-aksiya zamanı bölgələrin görməli yerləri, adət-ənənələri, ləziz mətbəxi, təbiət gözəllikləri, zəngin meşələri, qonaqpərvərliyi ilə daha yaxından tanış olmaq imkanı qazanacağı, həmçinin şagirdlərin gedəcəyi rayonların keçmişi və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, tarix-mədəniyyət abidələri, gənclər mərkəzləri, olimpiya kompleksləri, bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanış olacaqları və səfərin onların yaddaşlarında silinməz izlər buraxacağı səslənmişdir. RİH başçısı səfər çərçivəsində şagirdlərin iştirakı ilə keçiriləcək intellektual oyunlarda məktəblilərimizə fəallıq göstərmələrini tövsiyə etmiş və yüksək nəticələrə nail olmaları üçün onlara uğurlar arzulamışdır. Tədbirdə Vəndam qəsəbə tam orta məktəbin müəllimi Zöhrə Mirzəyeva, valideyin Günel Bədəlova, şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayşən Süleymanova və Mıxlıqovaq kənd tam orta məktəbin XI sinif şagirdi Röyal İsmayılov çıxış edərək ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyasının təşkilinə görə minnətdarlıqlarını ifadə etmişlər. Görüşü rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırmışdır.

Keçidlər