Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Tur-aksiya iştirakçılarının Qəbələyə səfəri davam edir.

21 noyabr 2018 | 04:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində rayonumuza gəlmiş Ağdaş, Füzuli, Göygöl, Siyəzən və Tovuz rayonlarının məktəbliləri noyabrın 19-da burada istehsal müəssisələri, tarixi məkanlar və görməli yerlərlə tanış olublar. Tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Sonra məktəblilər “Gilan Qida Şəhərciyi”nə gəliblər. Tur-aksiya iştirakçılarına məlumat verilib ki, şəhərciyin nəzdində konserv zavodu, sərinləşdirici içkilərin və kartof çipslərinin istehsalı müəssisələri fəaliyyət göstərir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, kompleks turistlər üçün ən cəlbedici obyektlərdən biridir. Kompleks gün ərzində 3 min nəfərə xidmət göstərə bilər. Burada 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kanat xətlərinin ümumi uzunluğu 6 kilometr, xizək yolunun uzunluğu isə 17 kilometrdir. Heydər Əliyev Konqres Mərkəzi ilə tanışlıq da məktəblilərin ürəyincə olub. Mərkəzdə çoxfunksiyalı 1200 yerlik konfrans zalı var və o, kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsində olublar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim abidələrdən biridir. Nic qəsəbəsi Azərbaycan tolerantlığının kiçik modeli hesab edilir. Qəsəbədə üç kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Onlar öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Məktəblilər Qəbələ Tarix və Mədəniyyət Qoruğuna da gedib, 9 əsr Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin zəngin tarixi  haqqında məktəblilərə geniş məlumat verilib.

Foto qalereya

 

Keçidlər