2019-cu ilin birinci yarımili ölkəmizdə olduğu kimi, Qəbələ rayonunun da ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaddaqalan olmuşdur. Bu ilin 6 ayı ərzində rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 103.628,2 min manatlıq məhsul istehsal edilmiş, ötən ilin altı ayı ilə müqayisədə ümumi məhsul buraxılışı 3.612,8 min manat, yaxud 2,4 % artmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı kənd təsərrüfatında 3.441,0 min manat, yaxud 14,6 %, nəqliyyat və anbar təsərrüfatında 528,7 min manat, yaxud 29,0 %, informasiya və rabitədə 27,5 min manat, yaxud 4,8 %, ticarətdə 5.385,0 min manat, yaxud 24,2 % artmış, tikintidə 3.151,2 min manat, yaxud 12,6 %, sənayedə 2.618,2 min manat, yaxud 9,8 % azalmışdır.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 967,2 manat olmuşdur.
Yarım il ərzində sənaye müəssisələrində çalışan işçilərin orta aylıq nominal əmək haqqı 487,4 manat təşkil etmişdir.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 21.442,4 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 20.530,0 min manat olmuşdur.
2003-cü ilin oktyabr ayından 1 iyul 2019-cu ilədək 17.697-si daimi olmaqla, 19.495 yeni iş yeri açılmışdır. Bu ilin altı ay ərzində açılmış 854 iş yerinin hamısı daimi iş yeridir.
6 ay ərzində Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş 1.090 nəfərdən 540 nəfəri münasib işlə təmin edilmişdir.
İşsiz və işaxtaran vətəndaşların daimi və müvəqqəti məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilmişdir. Hesabat dövrü ərzində Mərkəzdə qeydiyyatda olan vətəndaşlardan 335 nəfəri müəssisənin hesabına “Dost iş” MMC-də ictimai işlərə cəlb edilmişdir.
Özünüməşğulluq proqramının növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş şəxslərdən 4 nəfəri qadın, 3 nəfəri məcburi köçkün, 3 nəfəri müharibə veteranı, 3 nəfəri ünvanlı dövlət sosial yardımı alan və 23 nəfəri əlil olmaqla 46 nəfəri öz biznesinə başla və təkmilləşdir təlimlərinə cəlb olunmuşdur. Müraciət etmiş şəxslərin biznes ideyaları əsasən kənd təsərrüfatı sahəsidir. Özünüməşğulluq proqramı mərhələlərlə il ərzində davam edəcəkdir.
“Ərazi Məşğulluq Proqramı”na uyğun olaraq işə götürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı kadr seçiminə imkanlar yaradılması, eyni zamanda işsiz və işaxtaran vətəndaşların layiqli işlə təmin olunmasına koməklik göstərilməsi məqsədilə 21 may 2019-cu il tarixdə aktiv məşğulluq tədbiri olan “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkada 214 boş iş yeri təqdim edilən 37 müəssisə və təşkilat, 345 nəfər işaxtaran vətəndaş iştirak etmişdir. Yarmarkada iştirak edənlərdən 71 nəfərə münasib işlərə göndəriş verilmişdir ki, onlardan 61 nəfəri işlə təmin olunmuşdur.
Rayonun yerli gəlirləri 2019-cu ilin birinci yarısının yekunlarına görə 6.680,9 min manat proqnoza qarşı 11.245,5 min manat (168,3 %) və ya 4.564,6 min manat çox, o cümlədən: “Avtomobil Yolları” Məqsədli Büdcə fonduna aid olan məbləği 16,5 min manat proqnoza qarşı 9,4 min manat (56,8 %) və ya 7,1 min manat az yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 3.541,1 min manat proqnoza qarşı 5.927,5 min manat (167,4 %) və ya 2.386,4 min manat çox, yerli xərcləri 3.437,3 min manat proqnoza qarşı 3.321,8 min manat (96,6 %) və ya 115,5 min manat az icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 3.123,2 min manat proqnoza qarşı 5.308,6 min manat (170,0 % ) və ya 2.185, 4 min manat çox icra olunmuşdur.
Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 2 növ vergi üzrə proqnoz tapşırıq kəsirlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 184,5 min manat az vəsait daxil olmuşdur. Digər 8 növ gəlirlər üzrə 2.570,9 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 2.386,4 min manat çox yerinə yetirilmişdir.
Yerli gəlirlər üzrə ümumilikdə daxil olmuş 11.245,5 min manat vəsaitdən 5.927,5 min manatı rayonun yerli gəlirlərinə, 9,4 min manatı qanunamüvafiq qaydada “Avtomobol yolları” Məqsədli Büdcə Fonduna, 5.308,6 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.
Rayonun yerli xərcləri 3.437,3 min manat proqnoza qarşı 3.321,8 (96,6%) və ya 115,5 min manat az icra olunmuşdur. Əmək haqqı və ona üstəlik xərc maddələrində xərclər 253,5 min manat çox olmuşdur. Həmin maddələr üzrə xərclərin artmasının səbəbi “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarına uyğun olaraq təhsil (məktəbəqədər təhsil) və səhiyyə xərcləri üzrə bu sahələrdə çalışan işçilərin əmək haqlarının 1 mart 2019-cu il tarixdən artırılması olmuşdur.
Digər xərclərin təyinatdan az icra olunmasının səbəbi əmək haqqı və ona üstəlik xərc maddələrində qənaətin yaranması (yerli icra hakimiyyəti orqanları və səhiyyə bölməsi üzrə bəzi ştat vahidlərinin vakant olması ilə bağlı) və bəzi xərclər üzrə faktiki icranın olmadığı (elektrik enerjisi, qaz, su və s.) üçün vasaitin ödənilməməsi olmuşdur.
Yerli büdcənin hesabında və təşkilatların ayrı-ayrı xərc maddələri üzrə limit qalığında 1 iyul 2019-cu il tarixə 2.605,7 min manat vəsait qalığı yaranmışdır.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 10 kV-luq elektrik verilişi hava xəttinin 9,8 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq hava xəttinin Vəndam, Bum, Mıxlıqovaq, Qaradeyin və Zarağan elektrik verilişi hava xətlərində 50 ədəd fiziki köhnəlmiş ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmiş, 8.300 metr məsafədə istismara yararsız, fiziki köhnəlmiş naqillər yenilənmişdir.
20,8 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş naqillər eyni güclü naqillərlə əvəz edilmiş, 197 ədəd ağac dayaq dəmir beton və metal dayaqlarla əvəz edilmişdir. Əhali və qeyri əhali sektorunda 119 ədəd yeni, 37 ədəd 3 fazalı sayğac quraşdırılmışdır. 2.090 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.
Təbii qaz istehlakçıları tərəfindən 26212,6 min kub/metr təbii qaz istehlak edilmiş, 3.503,9 min manata qarşı 3.598,9 min manat vəsait toplanaraq ümumi yığım məbləği 102,7 % olmuşdur. Həmin göstərici əhali sektoru üzrə 111,5 %, büdcə təşkilatları üzrə 89,8 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə 99,1% təşkil etmişdir. Əhali abonentlərin ümumi sayı 19.682-ə çatdırılmışdır.
Yarım il ərzində müxtəlif diametrli polad borularla 1.933 metr yeni qaz xətti çəkilmiş, 3 ədəd təzyiq tənzimləyicisi, 2 ədəd 100 mm-lik siyirtmə və 169 abonentə fərdi qaz sayğacı quraşdırılmışdır.
Qəbələ şəhərinin içməli su təchizatının yenidən qurulması işləri davam etdirilmiş, 6 ay ərzində 23.625 pm su xətti və 15.960 pm kanalizasiya xətti çəkilmişdir. Küsnət su mənbəyində 2 ədəd subartezian quyusu qazılmışdır. Zarağan kəndində məcburi köçkünlərin istifadəsində olan nasosxanada 2 ədəd nasos, 7 mərtəbəli yaşayış binasında 1 ədəd, əlillərin yaşayış binasında 1 ədəd hidrofor quraşdırılmış, Aydınqışlaq kəndində poluetilen borularla 460 pm su xətti çəkilmişdir. Tutumu 1.000 kub/metr olan 4 ədəd su anbarının tikintisi başa çatmışdır.
Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı 6 ay ərzində şəhər təsərrüfatına 112,0 min manat, ictimai yaşayış binalarına 28,3 min manat, idarə və müəssisələrə 46,9 min manat, kommersiya obyektlərinə 5,3 min manat və fərdi təsərrüfatlara 2,2 min manat cəmi 194,7 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.
Qəbələ Rayon 10 №-li Yol İstismarı MMC tərəfindən rayon ərazisində yarım il ərzində 754,7 min manatlıq cari təmir və yolların saxlanması işləri görülmüşdür.
Qəbələ Telekommunikasiya qovşağı 703,0 min manat tarif gəliri proqnozuna qarşı 703,8 min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 100,1 % əməl etmişdir. Yarım il ərzində şəhər və kənd əhalisinə 114 ədəd telefon çəkilmiş, 362 ədəd internet qoşulması verilmişdir. Genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 6.780 nəfər təşkil edir. Şəhər və kənd telefon şəbəkəsində 120 ədəd istismara yararsız rabitə dirəyi yeni dəmir dirəklərlə əvəz edilmiş, 150 ədəd dibləri çürümüş rabitə dirəyi beton əsasa bağlanmışıdır. Şəhər və kənd telefon şəbəkələrində 13.800 metrlik məsafədə hava rabitə xətləri texniki normaya gətirilmişdir. Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən tikilməsi ilə əlaqədar yol kənarı hava rabitə xətlərinin texniki normaya gətirilməsi üçün “Aztelekom” MMC tərəfindən işlər hazırda davam etdirilir.
“Azərpoçt” MMC-nin Qəbələ filialı 181,0 min manata qarşı 163,1 min manatlıq poçt-rabitə xidməti göstərərək proqnoz tapşırığı 17,9 min manat kəsirlə 90,1 % yerinə yetirmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsində 6 ay ərzində 1.000 nəfərə yeni sığorta şəhadətnaməsi verilmişdir ki, bununla da bu günədək sığorta şəhadətnaməsi alan şəxslərin sayı 31.419 nəfərə çatmışdır.
1 iyul 2019-cu il vəziyyətinə şöbə üzrə 11.168 pensiya işi üzrə 11.228 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. Hesabat dövründə pensiyaçılara ümumilikdə 13524,4 min manat pensiya, 190,6 min manat məcburi dövlət sığorta haqları hesabına müavinətlər ödənilmiş, orta aylıq pensiya məbləği 2.194,8 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 196 manat 53 qəpik təşkil etmişdir. Xərclənmiş vəsaitin 6.218,7 min manatı subsidiyalar, digər hissəsi isə, yerli daxilolmalar hesabına olmuşdur.
Hazırda şöbədə əmək pensiyalarından əlavə 4.747 ədəd hərəkətdə olan sosial müavinət, 1.462 ədəd təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 724,6 min manat təşkil edir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişiklərə uyğun olaraq, 1 mart 2019-cu il tarixdən 3.147 nəfər əmək pensiyaçısının pensiyasının məbləği 160 manata çatdırılmışdır ki, bu da ümumilikdə pensiyaların ödənilməsi üçün 71,3 min manat əlavə vəsaitə təlabat yaratmışdır. 6 ay ərzində 125 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunmuşdur. 1 oktyabr 2018-ci ildən etibarən pensiyaların ödənilməsində yeni proqram təminatının tətbiqinə başlanmış, müavinətlərin ödənilməsi üçün yeni proqram təminatına keçid üçün işlərin sistemə daxil edilməsi başa çatdırılmışdır.
Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 320 min kub/metr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 516 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş, 175 kub/metr qabion bəndi qurulmuş, 1.230 kub/metr daş beton, 30 kub/metr daş bəndi cari təmir edilmişdir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli sərəncamına əsasən rayonun Nic qəsəbəsində, Yeni Dizaxlı, Kürd, Həmzəli, Zirik və Bılıx kəndlərində yeni subartezian quyuları qazılmışdır.
2019-cu ilin ötən 6 ayı ərzində Vəndam qəsəbəsində “AzRose” MMC-nin sifarişi ilə inşa edilən Gülçülük istixanası kompleksində, “Azərsu” ASC-nin sifarişi ilə Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidənqurulması layihəsində, rayon mərkəzi xəstəxana kompleksində, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması obyektində və Vəndam qəsəbə 2 nömrəli tam orta məktəbinin binasında tikinti işləri davam etdirilmişdir.
Şəhərin Heydər Əliyev prospekti, İmadəddin Nəsimi, Xurşidbanu Natəvan, Gənclər, Fazil Rəhimov, Məhəmməd Füzuli, Mirəli Qaşqay, Nəsrəddin Tusi, 28 May, Elçin Kərimov, Həzi Aslanov, Nizami Gəncəvi, Səməd Vurğun, Abbas Səhət, 20 Yanvar və Şəhriyar küçələrinə 222.835 kv.m asfalt örtük çəkilmişdir.
Qəbələ bələdiyyəsi tərəfindən şəhərin 5 küçəsinə 6030 kv.m asfalt örtük çəkilmişdir. Asfalt örtüyün çəkilişi davam etdirilir.
Qəbələ Müalicə Diaqnostika Mərkəzinin qarşısındakı parkda təmir işlərinə başlanılmış və hazırda bu istiqamətdə işlər davam etdirilir.
2019-cu ilin birinci yarısı ərzində Qəbələyə gələn xarici ölkələrin dövlət rəsmilərinin və turistlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Rayonumuzda 7-si beşulduzlu olmaqla fəaliyyət göstərən 19 turizm istirahət mərkəzlərinə hesabat dövrü ərzində 88786 nəfər turist gəlmişdir.
Belə ki, ilin birinci yarısında Küveyt dövlətinin Azərbaycandakı səfiri, Belarusun nümayəndə heyəti, Hindistan Respublikasının səfiri, Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Meksika Birləşmiş Ştatlarının səfiri, Vyetnamın nümayəndə heyəti tanışlıq məqsədilə Qəbələ rayonuna səfər etmişlər.
Səfər çərçivəsində qonaqlar rayonun tarixi yerləri və sənaye müəssisələri ilə yaxından tanış olmuşlar.
Bununla yanaşı hesabat dövründə Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirləri arasında keçirilmiş üçtərəfli görüşdə hərbi qurumların rəhbərləri tərəfindən regional təhlükəsizlik məsələləri, həmçinin ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Azərbaycanda 5-ci Beynəlxalq Yoqa Gününün qeyd olunması layihəsi çərçivəsində Yoqa günü, “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə, və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) 80 illik yubileyi və X qurultayı keçirilmişdir.
2018-2019-cu dərs ilini rayon təhsil müəssisələri də yüksək nəticələrlə başa vurmuşlar.
Ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində 15-18 mart tarixlərində Gəncə, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı, Tərtər və Gədəbəy rayonlarının, 23-26 mart tarixlərində isə Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Qazax, Göyçay və Tovuz rayonlarının məktəbliləri Qəbələyə gəlmiş, rayonumuzla ətraflı tanış olmuşlar. 23-26 mart tarixlərində isə aksiyaya qoşulan Qəbələ məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax və Ağstafa rayonlarına səfər etmişlər.
2019-cu ilin birinci yarısı ərzində rayonumuzda fəaliyyət göstərən 23 uşaq bağçasının maddi-texniki vəziyyəti daha da yaxşılaşdırılmış, ayrılmış vəsaitə uyğun olaraq yumşaq inventar alınaraq bütün uşaq bağçalarına verilmişdir.
Qəbələ rayonunda fəaliyyət göstərən mədəni-maarif müəssisələrində 2019-cu ilin birinci yarısında bütün tarixi hadisələr, yubileylər və əlamətdar günlər qeyd olunmuş, bir çox maraqlı mədəni-kütləvi bədii proqramlar hazırlanmışdır.
Azərbaycanın 10 miliyonuncu sakininin dünyaya gəlməsi münasibətilə keçirilən geniş konsert proqramı daha yaddaqalan olımuşdur.
“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən rayonun mədəni-maarif müəssisələrində ədibin yubileyinə həsr olunmuş əbədi-bədii gecələr, kompozisiyalar, dəyirmi masalar, sərgilər, rəsm müsabiqələri keçirilmişdir.
2019-cu ilin altı ayında Qəbələ Rayon Mərkəzi Xəstəxanasında stasionar xəstələrin sayı 1206 nəfər, cərrahi əməliyyatların sayı 96 olmuşdur.
Ambulator müraciət edən xəstələrin sayı 69830 nəfər təşkil etmişdir.
Müalicə Diaqnostika Mərkəzinin Konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 9376 nəfər, EKQ müayinələrinin sayı 2933, stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 293 nəfər, stasionar şöbəyə daxil olan xəstələrin sayı 493 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 428, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 8976, kompüter tomoqrafik müayinələrin sayı 613, rentgen müayinələrin sayı 7996, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 2761 olmuşdur. Kliniki laboratoriyada 7967 xəstədə 270213 növ müayinə aparılmışdır.
Məcburi tibbi müayinəyə cəlb edilməsi nəzərdə tutulan obliqat qruplar qrafik üzrə 6 ay ərzində 2163 nəfər müayinəyə cəlb olunmuşdur. Onlardan 259 nəfəri təhsil, 327 nəfəri səhiyyə işçiləri, 1577 nəfəri isə digər sahələrdə işləyənlərdir.
Ölkə başçısının tapşırığı əsasında respublikada 18 yaşından yuxarı olan əhalinin 12 fevral tarixindən 12 may tarixinədək dispanserizasiyası məqsədilə kütləvi tibbi müayinəsi keçirilmiş və tərtib edilmiş qrafikə əsasən 18 yaşından yuxarı 65354 nəfər əhali müayinələrə cəlb olunmuşdur. Əhalinin müayinəsində bütün ixtisas həkimləri və laborator-instrumental kabinetlər iştirak etmişdir. Müayinələrin nəticəsinə əsasən 3049 nəfərə ambulator, 325 nəfərə stasionar müalicə təyin olunmuş, 165 nəfər Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilmişdir.
Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr üzrə kompleks tədbirlər həyata keçirmişdir.
Aparılmış profilaktik tədbirlərin nəticəsidir ki, son 10 il ərzində rayonda uşaqlar arasında difteriya, göy öskürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.
Qəbələ Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2019-cu ilin birinci yarımilliyi ərzində 36 tədbir həyata keçirilmişdir. Bunlardan 20 tədbir gənclərlə iş sahəsini, 16 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.
Həyata keçirilən tədbirlərin mahiyyət baxımından əhəmiyyəti dövlət siyasətinin düzgün təbliğinin təşkili, hüquq tərbiyəsi, cinayətkarlıq hallarına qarşı mübarizə, vətənpərvərlik tərbiyəsi işinin inkişaf etdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması, bədən tərbiyəsi və idman sahəsində isə yeniyetmə və gənc idmançıların aşkar olunması, idmanın kütləviliyinin təmin edilməsi, dərəcəli idmançıların hazırlanmasından ibarət olmuşdur.
Bununla yanaşı rayonda 2019-cu ilin birinci yarımili ərzində bir neçə beynəlxalq və respublika səviyyəli yarış keçirilmişdir ki, bunlardan “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyi, Qəbələ Stend Atıcılığı Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan güllə atıcılığı üzrə zona yarışı, “Tayboks” üzrə Yeniyetmələr arasında Azərbaycan birinciliyini və s. göstərmək olar.
Futbol üzrə Azərbaycan kubokunun final görüşündə "Qəbələ" futbol klubu "Sumqayıt" futbol klubunu məğlub edərək, ölkə kubokuna sahib olmuşdur. Beləliklə, “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun sahibi olmuş, bu münasibətlə Qəbələ Futbol Klubunun stadionunda böyük təqdimat mərasimi keçirilmişdir.
“Qəbələ Olimpiya İdman Kompleksi” MMC-də öz işini 2019-cu ilin birinci yarımilliyi idmanın inkişaf etdirilməsi, olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması və s. ilə bağlı fəaliyyət istiqamətləri üzrə təşkil etmişdir.
Hesabat dövrü ərzində kompleksin xidmətlərindən 631 nəfər gün istifadə edilmişdir. Bir günlük xidmətlərdən istifadə edənlərin orta sayı 423 nəfər olmuşdur. Onlardan 123 nəfəri ödənişli əsasla, 300 nəfəri ödənişsiz əsasla kompleksin xidmətlərindən istifadə etmişlər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2018-2019-cu tədris ilini bitirən məzunların sayı 186 nəfər olmuşdur. Ötən dərs ilindən etibarən Təhsil Mərkəzi lisey statusu ilə fəaliyyət göstərməyə başlamışdır. Hazırda 3 illik təhsil proqramları üzrə qəbul olunan tələbələr məktəbi bitirərkən peşə-ixtisası ilə yanaşı, həm də tam orta təhsil haqqında attestat ala biləcəklər. Bu da məzunların ali məktəblərə qəbul olması üçün şərait yaradır.
Bu tədris ilində işəgötürənlərlə iş sahəsində mərkəzin fəaliyyəti daha da gücləndirilmişdir. Belə ki, rayonda fəaliyyət göstərən özəl təşkilatlarla əməkdaşlıq barədə memorandum imzalanmış və tələbələrin istehsalat təliminin və təcrübəsinin təşkili üçün onlarla müqavilələr bağlanmışdır. Bu ildən “Gilan Aqriculture” paketinə daxil olan cəmiyyətlərin əksəriyyətində mərkəzin məzunları çalışır.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzini 2018-2019-cu tədris ilində 208 nəfər bitirmişdir. Təhsil müddəti 2 il olan qrup aşpaz və təhsil müddəti bir il olan qruplar isə mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi, kompüter operatoru, aşpaz, ofisiant, barmen, bufetçi, oteldə konsiyerj, tədbir və mərasimlərin təşkili işi üzrə təşkilatçı, turizm agenti, qənnadçı, şirniyyatçı peşəsinə yiyələnmişlər.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin regiondakı fəaliyyət imkanlarından Milli QHT-lər faydalanmışlar. Mərkəzlə 2019-cu ilin 6 ayı ərzində 12 milli QHT əməkdaşlıq edərək vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirmişlər.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində ehtiyacı olan adamlara aktiv terapiya məşğələsi, psixoloji konsultasiya, inkişafetdirici məşğələ, loqopedik məşğələ, dil məşğələsi, rəqs məşğələsi və s. xidmətlər göstərilmişdir.
İlin əvvəlindən 35 ailəyə səfər edilmiş, 18 maarifləndirici tədbir keçirilmiş və bu tədbirdə 1611 nəfər vətəndaş iştirak etmişdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş daxili və xarici siyasət xəttinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxartmışdır.
Prezident cənab İlham Əliyev öz çıxışlarında ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinin qeyri-neft sektorunun və ixrac yönümlü məhsulların istehsalı olduğunu qeyd etmişdir. Qeyri-neft sektoru sahələri arasında kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı əsas yerlərdən birini tutur.
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən ilə artır. Şübhəsiz ki, əldə olunan uğurların əsasında düşünülmüş siyasət, cəsarətli və fədakar fəaliyyət dayanır. Bu sahədə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi vəsaiti hesabına subsidiyaların verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin həmin sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarında böyük stimul yaratmışdır. Bunun nəticəsidir ki, rayonumuzun kənd təsərrüfatı sahəsində də əhəmiyyətli dəyişikliklər hiss edilir.
Həmin sərəncamın rayonda icrası ilə əlaqədar olaraq cari ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi üçün sənədlərin qəbuluna başlanılmışdır. Bundan əlavə güzəştli qaydalarla 712 nəfərə 1550 ton gübrə və 1250 nəfərə isə 6800 litr alaq otlarına qarşı və 240 litr vələmirə qarşı pestisidlər verilmişdir.
Dövlət büdcəsinin vəsaiti hesabına 2714 hektar sahədə, təsərrüfat subyektlərinin hesabına 910 hektar sahədə gəmiricilərə qarşı mübarizə tədbirləri aparılmışdır. Bundan əlavə 14250 hektar sahədə torpaq sahibləri tərəfindən alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. 2920 hektar üzüm bağında, 5370 hektar meyvə bağında, 980 hektar bostan-tərəvəz sahələrində və 1203 hektar kartof sahələrində müxtəlif bitki xəstəliklərinə qarşı mübarizə tədbirləri görülmüşdür.
Rayonumuzun iqtisadiyyatında mühüm rol oynayan taxılçılıq sahəsində xeyli uğurlarımız olmuşdur. 2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında rayonda 20190 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, onun da 15790 hektarını buğda, 4400 hektarını isə arpa sahələri təşkil etmişdir.
Məlum olduğu kimi yüksək məhsuldarlığın əldə olunmasında kondisiyalı toxum mühüm rol oynayır. 2019-ci ildə hüquqi və fiziki şəxslər tərəfindən rayon toxum müfəttişliyinə laboratoriya analizinə gətirilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin toxumları yoxlanılmış və onlara müvafiq rəylər verilmişdir. Rayonda fəaliyyət göstərən 6, o cümlədən: 2 hüquqi və 4 fiziki şəxsə məxsus toxumçuluq təsərrüfatlarının əkin sahələrinin 1718 hektarında abrobasiya aparılaraq ortaq məhsuldarlıq müəyyən edilmişdir. Biçilmiş toxumluq sahələrinin məhsuldarlığı 35-45 sentner olmuşdur. Qeyd etmək lazımdır ki, rayonda növbəti ilin taxıl əkini üçün kifayət qədər yüksək kondisiyalı toxum bazası mövcuddur.
Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən cari ilin yazında 520 hektar kartof, 408 hektar tərəvəz, 592 hektar qarğıdalı, 2 hektar bostan bitkiləri,192,4 hektar şəkər çuğunduru, 802 hektar dənli və dənli paxlalı bitkilər və 339,5 hektar birillik ot əkilmişdir. Cari ilin altı ayında 15000 hektar buğda, 4400 hektar arpa sahəsi biçilmişdir. Məhsuldarlıq buğda sahələrində 32,5 arpa sahələrində isə 32,1 sentiner təşkil etmişdir.196 hektar sair dənli bitkilər, 100 hektar kartof və 235,5 hektar tərəvəz bitkiləri yığılmışdır. Həmin bitkilər üzrə məhsul yığımı davam edir.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi indi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. İxrac yönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması diqqət mərkəzində saxlanmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 2442 saylı sərəncamına əsasən fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi fermerlərdə yeni fındıq bağlarının salınmasına stimul yaratmış və bu sahədə rayonumuzda müəyyən işlər görülmüşdür.
Belə ki, fındıqçılığın inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq rayonumuzda 2016-cı ilin payızından etibarən əlavə olaraq 2000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulmuşdur. Artıq son iki ildə 2002 hektar yeni fındıq bağları salınmışdır.
Uzun fasilədən sonra artıq bir neçə ildir ki, rayonumuzda barama və tütün istehsalına başlanılmışdır. 2019-cu ildə 102 nəfər kümçü tərəfindən 15423 kq barama istehsal edilmişdir. Barama istehsalının artırılması məqsədi ilə 2016-cı ilin payızından etibarən tut tinglərinin əkilməsinə başlanılmışdır ki, bu da gələcəkdə rayonda barama istehsalının artırılmasına şərait yaradacaqdır.
Cari ildə 75 hektar sahədə tütün əkilmişdir. Artıq tütün yarpaqlarının qırımına başlanılmışdır.
Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən torpaq sahibləri arasında, pay torpaqlarının könüllülük prinsipi əsasında birləşdirilərək iri təsərrüfatların yaradılması istiqamətində təbliğat işləri aparılır. Belə təsərrüfatların yaradılması iqtisadi cəhətdən səmərəli olmaqla təsərrüfatda bütün aqrotexniki qaydalara riayət olunması üçün imkan yaradır.
Rayon tingçilik təsərrüfatında 2 hektar yeni İtaliya sortu olan fındıq bağı salınmış və həmin bağda damcı üsulu ilə suvarma sistemi quraşdırılmışdır.
Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən cari ilin altı ayında meşə fondu torpaqlarında 31 hektar meşə əkini aparılmışdır ki, bunun da 30 hektarı aqro bağlardır. İlin əvvəlindən meşə fondu torpaqlarında 267 hektar sahədə meşə əkini və səpinlərinə xidmət göstərilmişdir. 73 hektar sahədə tingliklərə xidmət işləri aparılmış, 0,5 hektar ağac və kol cinslərinin toxumlarının səpilməsi həyata keçirilmişdir. 0,38 hektar sahədə toxmaçar əkilmiş, 4 kiloqram ağac və kol cinslərinin toxumları tədarük edilmişdir.
Hazırda rayonda kənd təsərrüfatı işlərinin aparılması üçün fiziki şəxslərdə 392 ədəd, hüquqi şəxslərdə isə 194 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları vardır. Bütövlükdə rayonda 62 ədəd taxılyığan kombayn, 25 ədəd tırtıllı və 405 ədəd təkərli traktor, 24 ədəd buldozer, 52 ədəd ekskovator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.
Rayonda iri buynuzlu mal-qaranın sayı 45888 baş, o cümlədən inək və camışlar 22843 baş, qoyun-keçilər 190201 baş, donuzların sayı isə 845 başdır. Ət istehsalı (diri çəkidə) 2035,1 ton, o cümlədən mal əti 821,4 ton, camış əti 162,3 ton, qoyun əti 698,5 ton, keçi əti 5,7 ton, donuz əti 3,7 ton, quş əti 343,5 ton, süd istehsalı 20675,2 ton, o cümlədən inək südü 20142 ton, camış südü 341,3 ton, qoyun südü 191,9 ton, yumurta istehsalı 11480 min ədəd, yun istehsalı isə 312,5 ton olmuşdur.
Rayonumuzda fəaliyyət göstərən 2 müasir heyvandarlıq kompleksi və 4 kiçik həcimli heyvandarlıq təsərrüfatı rayon əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının ödənməsində mühüm rol oynayır.
Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində heyvandarlıq məhsulları istehsalının artırılmasında, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında və damazlıq keyfiyyətlərinin yüksəldilməsində mühüm rol oynayan süni mayalama tədbirlərinin həyata keçirilməsi genişləndirilir.
Bu məqsədlə rayonda 7 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir. Keçən 6 ay ərzində süni mayalama mütəxəssisləri tərəfindən 4417 baş inək və düyələrdə süni mayalama aparılmış və süni mayalandırılmışmış heyvanlardan 2166 baş yüksək genetik potensiala malik buzovlar alınmışdır. 2016-cı ilin oktyabr ayından etibarən süni mayalama yolu ilə alınmış hər bir baş buzova dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. 2019-cu ilin 6 ayında 1161 nəfər heyvan sahibinə 1390 baş süni mayalanmadan alınmış buzovlara görə 139000 manat subsidiya verilmişdir. Bu iş mütəmadi olaraq hər ay davam etdirilir. Ona görə də heyvan sahibləri heyvanların mayalandırılmasında mütərəqqi üsul olan süni mayalamaya üstünlük verirlər. Bunun nəticəsində rayonda mal-qaranın cins tərkibi tədricən yaxşılaşır.
Heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika işləri aparılır. 2019-cu ilin 6 ayında 46830 baş iri buynuzlu heyvanda, 182080 baş xırda buynuzlu heyvanda, 991 baş atda, 1072 baş donuzda qarayaraya görə, 178261 baş xırda buynuzlu heyvanda, 45494 baş iri buynuzlu heyvanda dabağa qarşı, 15968 baş xırda buynuzlu heyvanda, 2194 baş iri buynuzlu heyvanlarda bruselyoza qarşı peyvəndləmə tədbirləri aparılmışdır. Hazırda rayonda epizootik durum sabitdir.
Respublikamızın paytaxtı Bakı şəhərində 2006-cı ildən təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonumuzun kənd təsərrüfatı məhsulları istehsalçıları da fəal iştirak edirlər. 2019-cu ilin altı ayında həmin yarmarkalarda 21,7 ton tumlu, 15 ton qərzəkli meyvə və 3,8 ton müxtəlif tərəvəz məhsulu satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə daim qayğı göstərməsi və bu sahədə rayonda görülən işlər bizə deməyə imkan verir ki, rayonumuzda aqrar sahə daha da inkişaf edəcəkdir.
2019-cu ilin birinci yarısı ərzində rayon icra hakimiyyətinə daxil olan vətəndaş müraciətlərinə operativ şəkildə baxılması təmin edilmişdir.
Bu dövrdə rayon icra hakimiyyətinə ümumilikdə 524 ərizə daxil olmuşdur. O cümlədən rayon icra hakimiyyətində baxılmaq üçün 287 ərizə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 6 ərizə Milli Məclisdən, 12 ərizə Nazirlər Kabinetindən, 24 ərizə digər mərkəzi icra hakimiyyəti orqanlarından, 195 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur.
Vətəndaşlar tərəfindən göndərilən ərizələrin məzmunu əsasən mənzillə təminat, müalicəyə göndərilmə, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, birdəfəlik maddi yardımın verilməsi, işə düzəlmə və s. barədə olmuşdur.
Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmişdir.
Ötən müddət ərzində vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülmüşdür. Belə ki, 2019-cu il birinci yarısı ərzində 400 nəfər vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbula gələn vətəndaşların müraciəti ilə bağlı lazımi tədbirlər görülmüş, onların haqlı tələbləri qanunamüvafiq qaydada həll edilmişdir.
Eləcə də hesabat dövrü ərzində rayon icra hakimiyyəti başçısının 20 səyyar görüş-qəbulu keçirilmişdir. Qəbullarda iştirak edən 1334 nəfərdən 129 nəfəri müxtəlif məslələrlə bağlı müraciət etmiş, təkliflər irəli sürmüşlər.
İrəli sürülən təkliflərin və müraciətlərin 108-i həll edilmiş, 12 məsələnin həlli ilə bağlı müvafiq izahat verilmiş, digər 9 məsələnin həlli istiqamətində respublikanın əlaqədar təşkilatları qarşısında məsələ qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalarının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikintisi, artezian quyularının qazılması və sel təhlükəsi olan çaylarda sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.
Qeyd: Bölmədə olan məlumatlar rüblük olaraq yenilənir.