Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Əhalisi

Rayon ərazisi  1550 kv km-dir. 01 yanvar 2024-cü il tarixə  rayonda mövcud əhalinin sayı  108879 nəfər (55297  nəfər kişi 50.79%, 53582 nəfər qadın 49.21 % qadın) olmuşdur. Əhalinin sıxlığı hər kv km-ə 70.2 nəfərdir. Rayonda 1 şəhər, 3 qəsəbə,  60 kənd yaşayış məntəqəsi vardır. Rayon əhalisinin 15277 nəfəri yaxud 14 faizi şəhər,  2398 nəfəri yaxud 21.2 faiz qəsəbə,  qalan 70504 nəfəri yaxud 64.8 faiz  kənd yerlərində yaşayır.

Qeyd: Əhali ilə bağlı statistik məlumatlar illik olaraq yenilənir. 

Görkəmli şəxsiyyətlər

 

Abduyev Muxtar Rzaqulu oğlu.

Abduyev Muxtar Rzaqulu oğlu (14.02.1926 – 16.07.1979)-torpaqşünas, k.t.e.d. (1966), prof. (1971). Abduyev M.R. 1968-1979-cu illərdə Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eləcə də həmin İnstitutun rekultivasiya laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Muxtar Rzaqulu oğlu Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1941-ci ildə Ağdaş rayon 3 saylı orta məktəbini, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məktəbini bitirmişdir. M. Abduyev 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuş və 1956-cı ildə «Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluğunun dinamikası» mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır 1955-1965-ci illərdə apardığı gərgin elmi tədqiqatlar nəticəsində Abduyev ilk dəfə olaraq «Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri» mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmişdir. 1971-ci ildə ona professor dərəcəsi verilmişdir.
M.R.Abduyev 1954-1956-cı illərdə kiçik elmi işçi, 1956-1968-ci illərdə baş elmi işçi vəzifələrində,1968-1979-cu illərdə isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə müavin vəzifəsində çalışmışdır. M.R.Abduyev həmçinin Azərb.SSR EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvi kimi respublikada elmi-tədqiqat işlərinin təşkilində və inkişafında fəal iştirak etmişdir.
Onun əsas tədqiqatları torpaqların şorlaşmasının meliorasiyasına həsr edilmişdir.
M.R.Abduyev torpaq meliorasiyası sahəsində ilk azərbaycanlı elmlər doktorudur.
İlk dəfə dünya miqyasında torpaqların şorlaşmasının delüvial formasının mənşəyini, diaqnostikasını, nəzəri problemlərini öyrənmiş və onların meliorativ yaxşılaşdırılması yollarını tədqiq etmişdir. Bu sahədə alimin fundamental monoqrafiyası Azərbaycan SSR EA Nəşriyyatında çap edilmiş (1968) və dünyada bu əsərin nəşri böyük rəğbətlə qarşılanmışdır. Tanınmış xarici alimlərdən olan prof. S.V.Oprya və prof. Q.Sandu keçmiş SSRİ EA-nın “Torpaqşünaslıq” və Azərbaycan SSR.EA-nın biologiya elmlərinin «Xəbərlər» jurnalında bu əsərin elmi mahiyyəti haqqında məqalələr çap etdirmişlər.
M.R.Abduyev tərəfindən ilk dəfə Respublikanın ağır gilli şoran torpaqlarının kimyəvi meliorasiyası (neft və neft-kimya sənayesinin tullantıları ilə yuyulması) nəticəsində torpaqların münbitləşməsinin effektivliyini göstərilmiş və onun bu mövzuya həsr edilmiş «Ускоренная мелиорация глинистых солончаков Азербайджана» adlı monoqrafiyası çap edilmişdir.
M.R.Abduyevin elmi kadrların: elmlər doktorlarının və elmlər namizədlərinin hazırlanmasında böyük xidmətləri var. O, 1952-ci ilədək Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda, 1959-1966-cı illərdə ADU-da, 1966-1968-ci illərdə isə Azərbaycan Politexnik İnstitutunda torpaqşünaslıq və torpaq meliorasiyasına həsr olunmuş mühazirələr oxumuşdur. Prof.M.Abduyev 1974-cü ildə Moskvada keçirilmiş «X Beynəlxalq Torpaqşünaslar Konqresinin» iştirakçısı və məruzəçisi olmuşdur.
Professor M.R.Abduyev 150 elmi əsərin müəllifidir.Onun bəzi elmi əsərləri xarici ölkələrdə nəşr olunmuşdur.

Musabəyov İbrahimbəy Mehdi oğlu
(1880, Qutqaşen (indiki Qəbələ) – 1942, Qaraqаnda) – Azərbaycan yazıçısı.
1902-ci ildə Qori seminariyasını bitirmişdir. Qutqaşendə (indiki Qəbələ), Şəkidə və Bakıda müəllimlik etmişdir. Hekayələri: “Kor və onun yoldaşı”, “Razanın qutusu” , “Rəhmdil arvad”, “Nadinc uşağın yuxusu”, “Cəhalət fədailəri”, “İki dost-iki yol”.
1916-cı ildə “Neft və milyonlar səltənətində” povesti əsasında eyniadlı ilk Azərbaycan bədii filmi çəkilmişdir.
1980-ci ildə povest “Qızıl uçurum” adı ilə yenidən ekranlaşdırılmışdır.
Əsərlərində cəhalət və nadanlıq kəskin tənqid edilir.

Musayeva Ümnisə Süleyman qızı
(09.10.1902,Qutqaşen (indiki Qəbələ) – 15.11.1974, Baki) – oftalmaloq.
Tibb elmləri doktoru (1936), professor (1943), Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi (1957) . 1945-ci ildən ömrünün sonunadək indiki Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasina başçılıq etmişdir.Elmi tədqiqatları, əsasən, traxoma, qlaukoma xəstəliklərinə, görmə sinirinin natologiyasına həsr edilmişdir. Ümumdünya oftalmoloqlar (Brüssel, 1958) konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. SSRİ Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir. Lenin ordeni və medallarla təltif edilmişdir.

Qəhrəmanov Vahid Pənah oğlu
(1900, Qutqaşen (indiki Qəbələ) – 1978, Baki) – hüquqşünas.
Hüquq elmləri doktoru (1950), professor (1951), Azərbaycan EA-nın müxbir üzvü (1972) , Əməkdar hüquqşünas (1966). Naxçıvan MR prokuroru və xalq ədliyyə komissarı, Ordubad Rayon Soveti İcraiyyə Komitəsinin sədri (1929-1934), Azərbaycan Respublikası prokurorunun baş köməkçisi (1934-1935) işləmişdir. Ümumittifaq Hüquq Akademiyasında oxumuşdur (1935-1937). 1943-1978-ci illərdə (fasilələrlə) indiki Baki Dövlət Universitetinin cinayət hüququ kafedrasının müdiri olmuşdur.
Qırmızı Əmək Bayrağı orderi ilə və medallarla təltif edilmişdir.
Əsərləri: Sovet cinayət hüququnda “cəza anlayışı”, “Sovet cinayət hüququnda cəza sistemi”, “Savet cinayət hüququnda cəzanın müəyyən edilməsi”, “Sovet cinayət hüququ”

Qutqaşınlı İsmayıl bəy Nəsrullah Sultan oğlu
(1806, Qutqaşen (indiki Qəbələ)-1869, Şamaxı) – Azərbaycan yazıçısı, ictimai və hərbi xadim, Peterburqda hərbi məktəbdə oxumuşdur. 30 ildən artıq rus ordusunda xidmət etmiş Qutqaşınlı general – mayor rütbəsinədək yüksəlmişdir. 1851-ci ildə istefaya çıxmış, Şamaxı quberniya idarəsində işlənmişdir.
Q.B.Zakir, M.F.Axundzadə və başqaları ilə dostluq etmişdir. 1835-ci ildə Varşavada fransız dilində nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” hekayəsi məhəbbət azadlığı mövzusundadır. Bu hekayə Azərbaycan realist nəşrinin ilk nümunələrindədir.
1852-ci ildə Məkkə səfəri zamanı yazdığı qeydlər ilk dəfə 1967-ci ildə “Səfərnamə” adı ilə çap edilmişdir. Əsərdə Gəncə və keçmiş Borçalı mahalının, Ərəbistanın şəhər və kəndlərinin təbiəti, əhalisi və təsərrüfatı haqqında məlumat verilir.

Yusif Süleymanbəy oğlu Musabəyov (1910-1970)
Kimya elmlər doktoru Prof. Parisdəki Beynəlxalq Elm tarixi və Fəlsəfə Akademiyyasının müxbir üzvü (ASE–yə düşüb)

Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995)
Filologiya e.d.prof. Əməkdar Elm xadimi 1972-1995-də AMEA-nın Əlyazmalar İnstitutunun direktoru olmuşdur. Nəsimişünas, ərəbşünas, mətnşünas, elm təşkilatçısı kimi tanınır.

Qara Məhəmməd oğlu Əhmədov (1928-2003)
AMEA–nın müxbir üzvü. Qəbələ və Beyleqan şəhərlərini tədqiq etmişdir. Arxeologiya sahəsində Tarix elmləri doktoru adını almış ilk Azərbaycanlı alimdir. Arxeologiyaya dair monoqrafiyaları, elmi, elmi-kütləvi kitabları var.

Məcid Əhəd oğlu Mərdanov (1913-1982)
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Məcid Əhəd oğlu Mərdanov neft kimyası və neft emalı sahəsində tanınmış mütəxəssis idi. M.Ə.Mərdanov 09.04.1913-cü ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur. M.Ə.Mərdanov 1920-ci ildə Göyçay rayon məktəbinə daxil olmuş, 1926-cı ildə həmin məkətəbi bitirmişdir. Həmin il Azərbaycan Respublikası Maarif Nazirliyinin pedaqoji texnikumuna daxil olmuş, 1931-ci ildə texnikumu bitirmişdir. 1931-1934-cü illərdə Qəbələ rayonunun məktəblərində əvvəlcə müəllim,sonra tədris hissə müdiri və direktor kimi fəaliyyət göstərmişdir. 1934-cü ildə M.Ə.Mərdanov Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuş, 1939-cu ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Azərbaycan Dövlət Universitetində oxuduğu müddətdə, eyni zamanda M.Ə.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda laborant, baş laborant vəzifələrində çalışmışdır. Universiteti bitirdikdən sonra “Analitik kimya” kafedrasında müəllim işləmişdir. 1939-cu ildə M.Ə.Mərdanov Sovet ordusu sıralarına çağırılmış; 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Leningrad (indiki Sankt-Peterburq), Kareliya və Estoniya ətrafında gedən döyüşlərdə ağır xəsarət almışdır. Hərbi xəstəxanada müalicə olunduqdan sonra II dərcəli əlil kimi ordudan təxris olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi igidliyə görə “Vətən müharibəsinin II dərəcəli ordeni” və “Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif olunmuşdur.
O, 1946-1948-ci illər ərzində Rusiyada Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdan M.Ə.Mərdanov V.V.Kuybişev adına Azərbaycan elmi-tədqiqat neft emalı institutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur.
O, 1949-cu ildən xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının böyük mühəndisi; 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbər vəzifəsində çalışmışdır.
1953-cü ildə M.Ə.Mərdanov “Benzolun olefinlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
M.Ə.Mərdanov 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-kimya Prosesləri İnstitutunda elmi işlər üzrə direktorun 1-ci müavini işləmişdir.
M.Ə.Mərdanov elmi tədqiqatlarının əsas istiqaməti neftlərin tərkibinin tədqiqi və onların əsasında yeni növ reaktiv yanacaqların istehsal texnologiyasının işlənməsi olmuşdur.
1959-cu ildə onun rəhbərliyi ilə aparılmış elmi-tədqiqat işlərinin nəticəsində səsdən iti sürətlə uçan reaktiv təyyarələr üçün keçmiş SSRİ-də ilk termostabil T-5 markalı reaktiv yanacağın istehsalı texnologiyası sənayedə tətbiq olunmuşdur. Azərbaycan neftlərindən istehsal olunan T-5 markalı yanacaq SSRİ-də yeni nəsil reaktiv təyyarələrin yaradılmasına və istismarına təkan verdi.
1962-ci ildə M.Ə.Mərdanov “Azərbaycan neftlərindən reaktiv yanacaqların alınması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1963-cü ildə ona SSRİ Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir. O, həmin ildə Moskva şəhərində keçirilən “Qarşılıqlı İqtisadi Yardım Şurası” üzvü ölkələrinin “Neft emalında hidrogenləşmə proseslərinin tətbiqi” məsələsinə həsr edilmiş I simpoziumun iştirakçısı olmuşdur. Simpoziumda “Azərbaycan neftlərinin aromatik karbohidrogenlərlə zəngin orta fraksiyasının hidrogenləşmə ilə keyfiyyətinin yaxşılaşdırılması” və “Təkrar emal məhsullarının hidrogenləşdirilməsi ilə dizel yanacaqları ehtiyatının artırılması” mövzularında məruzə ilə çıxış etmişdir.
1964-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı “Yanacağın və qazın kimyası və texnologiyası” ixtisası üzrə ona professor elmi adı verilmişdir.
Professor M.Ə.Mərdanov əməkdaşları ilə mator yanacaqlarının keyfiyyətini artıran aşqarların sintezi sahəsində məqsəd yönlü tədqiqatlar aparmışdır.
Professor M.Ə.Mərdanov yanacaqlar sahəsində ixtisaslı kadrların hazırlanmasına böyük diqqət yetirirdi. Onun bilavasitə rəhbərliyi altında 3 elmləri doktoru, 20 elmlər namizədi yetişdirilmişdir. M.Ə.Mərdanovun apardığı elmi tədqiqatların nəticələri 216-dan artıq elmi məqalədə və 75-dən çox müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.
Elmi inkişafındakı roluna və yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində ki xidmətlərinə görə O, Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” adına layiq görülmüşdür. Onun əməyi yüksək qiymətləndirilərək “Şərəf nişanı” və “Vətən Müharibəsinin II-ci dərəcəli ordeni” və bir çox medallarla təltif olunmuşdur.
Məcid müəllim uzun sürən ağır xəstəlikdən sonra 1982-ci il Sentyabrın 27-də vəfat etmişdir.

Dursun Yaqub oğlu Hüseynov (1915-2009)
Tibb elmləri doktoru prof. Əməkdar elm xadimi. Dərmanşünaslığa dair çoxlu dərsliyin müəlifidir.

Elman Məmmədov (1948) – alim
Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşdur Kimya elmləri doktoru, professor.

Əlimirzəyev Əşrəf Oruc oğlu (1910–1981)
Sosialist Əməyi Qəhrəmanı (1966), “Bakı fəhləsi” kolxozunda və Xanlar adına kolxozda sədr işləmişdir. Azərbaycan CCR Ali Sovetinin (5-6-cı çağırış) deputatı olmuşdur. 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı orderi və medallarla təltif edilmişdir. İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.

Xalid Əlimirzə oğlu Əlimirzəyev alim - yazıçı (1932-2016)
Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur.
1964-cü ildə namizədlik, 1972-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
Filologiya Elmləri doktorudur.
1973-cü ildən Baki Dövlət Universitetinin professorudur.
Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.
15 monoqrafiyanın , 500-dən çox elmi-publisistik məqalənin müəlifidir.
“Məhəbbət yaşadır” pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur.

Tacəddin Şahdağlı (1928-2019) şair
Qəbələ rayonunun Xırxatala kəndində anadan olmuşdur.
“İki yuva”, “Rəna və quşlar” , “İşıqlar – uşaqlar” , “Dağlara qar yağıb”, “Yaxşılıq”, “Mənim altı ürəyim”, “İbrahimin nəğmələri”, “Gülnar”, “Ərəş elləri”, “Üzeyir sevgisi, Səməd istəyi”, “Qəbələnin əfsanəsi” və s. kitabların müəllifidir. 20-dən çox şeirinə mahnı bəstələnmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olmuşdur.

Şərif Tahirli (1930 -2020)
Qəbələ rayonunun Xırxatala kəndində anadan olmuşdur.
“Şikayətnamə”, “Babam yaxşı kişi oluibdu”, “Yeddi nəvəm, 1 nəticəm var mənim”, “Səndədir ocağım-közün, Qəbələ”, “Allah sinəmdəki vuran ürəyim, Məhəmməd Peyğəmbər gülüm-çiçəyim”, “Ürəyimin güzgüsü” kitablarının müəllifidir. Satirik şair kimi oxucuların məhəbbətini qazanmışdır. Şərif Tahirli 2020-ci il Dekabırın 27-də vəfat etmişdir.

Əlimirzəyev Xəlil Oruc oğlu (1918–1976)
Tarix elimlər doktoru, professor.
1918-ci ildə indiki Qəbələ rayonunun (Qutqaşen) Mirzəbəyli kəndində anadan olmuşdur.
1939-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.
1948-ci ildə Universiteti bitirib.
1946-1947-ci illərdə Azərbaycan Respublikası MK-da təlimatçı işləyib. 1948-ci ildə Universitetin aspiranturyasının bitirib 1954-cü ildə namizədlik, 1962-ci ildə doktorluq Disertasiyası müdafiə edib.
20 monoqrafiya və kitabın müəllifidir. 300 çap vərəqəsi həcmində məqalənin müəllifidir. 2 dəfə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib. Bir sıra orden və medalları var 1976-ci ildə vəfat edib, Bakıda 2-ci fəxri xiyabanda dəfn olunub.

Qəbələ rayonu üzrə

  • Sosialist Əməyi Qəhrəmanı – 13 nəfər
  • Milli Qəhrəman – 2 nəfər
  • Vətən Müharibəsi Qəhrəmanı- 2 nəfər
  • Əməkdar elm xadimi-4 nəfər
  • Əməkdar hüquqşünas-1 nəfər
  • Əməkdar həkim – 3 nəfər
  • Əməkdar müəllim – 16 nəfər
  • Əməkdar artist-1 nəfər
  • Əməkdar mədəniyyət işçisi – 3 nəfər
  • Əməkdar inşaatçı- 1 nəfər
  • Əməkdar iqtisadçı – 1 nəfər
  • Əməkdar mühəndis-2 nəfər
  • Əməkdar baytar həkim-1 nəfər
  • Tütün ustası – 2 nəfər
  • Əməkdar jurnalist – 6 nəfər
  • Elmlər namizədi -180 nəfər
  • AMEA–nın həqiqi üzvü – 1 nəfər
  • AMEA-nın müxbir üzvü – 4 nəfər
     

 

Keçidlər