Rayon haqqında
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi regionda turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə ixtisaslı kadr hazırlığını həyata keçirən təhsil müəssisəsidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.12.2020-ci il tarixli F/545 №-li əmrinə əsasən “Qəbələ Peşə məktəbi” və “Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi” ləğv edilərək onların bazasında öz “Nizamnaməsi” əsasında fəaliyyət göstərən publik hüquqi şəxs statuslu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 1,300 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli və üçmərtəbəli tədris korpusları vardır. 6 hektar ərazidə tədris-istehsalat sahəsi, 51 ha təcrübə sahəsi, zəngin təlim-texniki vasitələrlə təmin olunmuş ümumi sayı 70-ə çatan auditoriyalar, fənn kabinetləri, 3 laboratoriya və 5 tədris emalatxanası, 155 yerlik konfrans zalı, fondu minlərlə ölçülən kitabxana, iki böyük qazanxana, yataqxana, tələbə və müəllim yeməkxanası, kompüter informasiya mərkəzi, kənd təsərrüfatı texnikaları, qaynaq qurğuları, iaşə avadanlıqları tələbə və mühəndis-pedaqoji heyətinin ixtiyarındadır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ölkədə dual sistemin ilk tətbiq olunduğu peşə təhsil mərkəzidir. Hal-hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ümumi kadr heyətinin sayı 192 (İnzibati-idarə heyəti - 35, İnzibati-təsərrüfat heyəti - 41, İTU - 39, müəllimlər - 77) nəfərdir. Tələbə kontingentinin sayı isə 917 ( onlardan 261 nəfəri qadın olmaqla) nəfərdir. Onlardan 250 nəfəri yüksək texniki peşə, 667 nəfəri isə texniki peşə təhsili alır.
Mərkəzdə təhsil dövlət vəsaiti hesabına və ödənişli əsaslarla aparılır. Ümumi orta (9-cu sinif) təhsil bazasından daxil olduqda təhsil müddəti 1 il, 2 il və 3 il (lisey), tam orta (11-ci sinif) təhsil bazasından isə 6 ay, 1 illikdir. İxtisaslarımız çox şaxəli və rəngarəngdir:
- Aqroservis mütəxəssisi;
- Üzümçülük və şərab ustası;
- Dərzi;
- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru;
- Aşpaz;
- Arıçı;
- Əməliyyatçı-mühasib;
- Rabitə avadanlıqlarının quraşdırılması;
- Turizm sahəsində iaşə üzrə mütəxəssis;
- Turizm təşkilatçısı;
- Mehmanxana inzibatçısı;
- Qənnadçı, şirniyyatçı;
- Dayə;
- Xalçaçı;
- Çilingər -santexnik;
- Kimyəvi analiz laborantı;
- Qrafik dizayner;
- İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı;
- Avtomobil üzrə elektrik;
- İnşaat ustası;
- Bitkiçilik mütəxəssisi;
- Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər;
- Elekterik qaz qaynaqçısı;
- Bərbər-vizajist-manikürçü.
Publik hüquqi şəxs olduqdan sonra Mərkəzdə kadr hazırlığında daha bir uğurlu yeniliyə imza atılmışdır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 2021-ci ildən yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılır. Qeyd edək ki, Yüksək yüksək texniki peşə səviyyəsi – peşə təhsil pilləsinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını nəzərdə tutur. Bu təhsil səviyyəsi müxtəlif texnologiya və texniki proseslərin tətbiqi, uyğunlaşdırılması və optimallaşdırılması üzrə işləri icra edəcək nəzəri və praktiki bacarıqlara sahib kadrların hazırlanmasını həyata keçirir. Peşə təhsili ilə ali təhsil pilləsi arasında keçid imkanlarını təmin edir.
- Veb dizayn və proqram təminatı;
- Mehmanaxana və restoran işinin təşkili və idarə edilməsi;
- Baytarlıq və heyvandarlıq işi;
- Mühasibat uçotu;
- Elektronika və kommunikasiya sistemlərinin istismarı;
- Komputer sistemlərində proqramlaşdırma;
- Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı;
- Kiber təhlükəsizlik ixtisasları üzrə yüksək texniki peşə təhsili verilir.
Hər yeni tədris ilində əmək bazarının tələblərinə uyğun olaraq qəbul planı yenilənir.