Rayon haqqında
Qəbələ Arxeoloji Mərkəzi
Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illərdə SEBA - Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər mühüm yer tutur. Son illərdə Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. Bu məlumatlarla SEBA-nın dəstəyi ilə tikilən Qəbələ Arxeoloji Mərkəzində tanış olmaq mümkündür. Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Burada, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərir. Mərkəzdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqları birgə qazıntı işləri həyata keçirirlər. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa olunaraq nümayiş olunur.