RİH başçısının hesabat məruzələri
2018-ci ilin hesabatı
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının 2018–ci ildə Qəbələ rayonunun sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
2018-ci il ölkəmiz üçün bütövlükdə siyasi baxımdan da əlamətdar olmuşdur.
Belə ki, aprelin 11-də müstəqil Azərbaycanın müasir tarixində böyük siyasi hadisə olan Prezident seçkiləri keçirilmişdir.
Yüksək demokratik şəraitdə keçirilən seçkilərdə müdrik xalqımız Heydər Əliyev siyasi kursuna, inkişafa, tərəqqiyə, sabitliyə, ölkəmizin firavan gələcəyinə səs vermiş, bütün uğurlarımızın səbəbkarı, xalqın sevimli oğlu möhtərəm cənab İlham Əliyev seçicilərin 86,2 faizinin dəstəyi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2018-ci il bütün ölkədə olduğu kimi, Qəbələ rayonunun da ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaddaqalan olmuşdur.
İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 246.101,0 min manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 25.177,0 min manat, yaxud 11,3 % artmışdır. 2017-ci ilə nisbətən ümumi məhsul buraxılışı sənayedə 27.841,0 min manat, yaxud 82,6 %, kənd təsərrüfatında 2.294,0 min manat, yaxud 3,3 %, nəqliyyatda 187,0 min manat, yaxud 4,9 %, rabitədə 81,0 min manat, yaxud 7,4 %, ticarətdə 5.307,0 min manat, yaxud 16,5 % artmış, tikintidə isə 10.533,0 min manat, yaxud 13,0 % azalmışdır.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2307 manat təşkil etmişdir.
İl ərzində sənaye müəssisələrində çalışan 1.397 nəfər işçinin orta aylıq nominal əmək haqqı 336 manat olmuşdur.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 74.095,0 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 70.692,0 min manat təşkil etmişdir.
2003-cü ilin oktyabr ayından 1 yanvar 2019-cu ilədək 16.843-ü daimi olmaqla, 18.642 yeni iş yeri açılmışdır. İl ərzində açılmış yeni iş yerlərinin sayı 1.936 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir.
Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş 1530 nəfərdən 541 nəfəri münasib işlə təmin edilmişdir.
İl ərzində rayon üzrə mənzil istismar və kommunal müəssisələr kombinatında 60 nəfər, Qəbələ Təmir Tikinti Şirkəti MMC-də 55 nəfər, Qəbələ Yaşıllaşdırma MMC-də 150 nəfər müvafiq işlə təmin olunmuşdur.
“Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli, 1941 nömrəli Sərəncaminın icrası ilə əlaqədar işlər davam etdirilmiş, il ərzində öz bizneslərinə başlamaları üçün tələb olunan aktivlərlə təmin olunmuş 16 nəfər vətəndaşın istifadəsində olan aktivlər onların mülkiyyətinə verilmişdir. Həmin vətəndaşların 8 nəfəri ətlik-heyvandarlıqla, 4 nəfəri südlük-heyvandarlıqla, 1 nəfəri arıçılıqla, 1 nəfəri kiçik qəlyanaltı sahəsində, 1 nəfəri kompüter təmiri, çap və poliqrafiya sahəsində, 1 nəfəri isə avtomobil təmiri sahəsində fəaliyyət göstərir.
Özünüməşğulluq proqramının növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş vətəndaşlardan 269 nəfərinin müraciəti araşdırılmış, onlardan 233 nəfərinin sosial vəziyyətinə, həyətyanı sahəsinə və biznes ideyasını reallaşdırması üçün malik olduğu digər resurslara baxış keçirilmişdir. Müraciəti araşdırılmış vətəndaşlardan 110 nəfəri “Öz biznesinə başla və təkmilləşdir” təlimlərinə cəlb edilmiş, 105 nəfər təlimləri uğurla başa vurmuşdur. Onların 93 nəfəri hazırladıqları “Biznes plan”larını komissiyada uğurla müdafiə etmişdir. Biznes planları müsbət qiymətləndirilmiş vətəndaşlardan 86 nəfəri kənd təsərrüfatı, 2 nəfəri istehsal, 5 nəfəri xidmət sahəsində fəaliyyət göstərəcəkdir. Vətəndaşlardan 54 nəfərə iri buynuzlu mal, 24 nəfərə ümumilikdə 504 baş qoyun, 3 nəfərə ümumilikdə 45 arı ailəsi və 2 nəfərə gözəllik salonu üçün avadanlıqlar verilmişdir. Cəmi 83 nəfər aktivlərlə təmin edilmişdir. Qalan vətəndaşların aktivlərlə təmin olunması istiqamətində işlər aparılır.
“Ərazi Məşulluq Proqramı”na uyğun olaraq 16 may 2018-ci il tarixdə aktiv məşğulluq tədbiri olan “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkada 210 boş iş yeri təqdim edərək 34 müəssisə və təşkilat, 360 nəfər işaxtaran vətəndaş iştirak etmiş, 75 nəfərə münasib işlərə göndəriş verilmiş, onlardan 65 nəfər işlə təmin olunmuşdur.
Hesabat dövründə işaxtaran vətəndaşların 12 nəfəri 2 aylıq kompüter mütəxəssisi üzrə peşə kursuna, 4 nəfər bir aylıq ictimai işlərə cəlb edilmiş, 11 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaş işlə təmin olunmuş, 7 nəfərə işsizlikdən sığorta ödənişi verilmişdir.
Rayonun yerli gəlirləri 2018-ci ilin yekunlarına görə 14.930,0 min manat proqnoza qarşı 21.494,8 min manat (144,0 %) və ya 6.564,8 min manat çox yerinə yetirilmişdir. Yerli gəlirlərə aid olan məbləğ 6.859,0 min manat proqnoza qarşı 9.871,7 min manat (143,9 %) və ya 3.012,6 min manat çox, yerli xərcləri 6.859,0 min manat proqnoza qarşı 6.561,9 min manat (95,7 %) və ya 297,1 min manat az icra olunmuşdur. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 8.036,0 min manat proqnoza qarşı 11.600,2 min manat (144,4 %) və ya 3.564,2 manat çox icra olunmuşdur.
Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən yalnız biri-aksiz vergisi üzrə proqnoz tapşırıq kəsrlə yerinə yetirilərək qeyd olunan gəlir üzrə büdcəyə 305,1 min manat az vəsait daxil olmuşdur. Digər 9 növ gəlirlər üzrə 3.317,8 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 3.012,7 min manat çox yerinə yetirilmişdir.
Ümumilikdə yerli gəlirlər üzrə daxil olmuş 21.494,8 min manat vəsaitdən 9.871,7 min manatı rayonun yerli gəlirlərinə, 22,9 min manatı qanunamüvafiq qaydada “Avtomobol yolları” Məqsədli Büdcə Fonduna, 11.600,2 min manatı isə mərkəzləşdirilmiş gəlirlərə aid edilmişdir.
Rayonun yerli xərcləri icra hakimiyyəti orqanlarının saxlanması xərcləri üzrə 93,0 min manat, elm xərcləri (arxiv) üzrə 0,7 min manat, səhiyyə xərcləri üzrə 18,4 min manat, məktəbəqədər təhsil xərcləri üzrə 5,7 min manat, mənzil təsərrüfatı xərcləri üzrə 2,8 min manat, kommunal təsərrüfatı xərcləri üzrə 77,4 min manat, sair xərcləri üzrə 99,1 min manat az olmaqla, ümumilikdə il ərzində 297,1 min manat təyinatdan az icra olunmuşdur.
Xərclərin təyinatdan az icra olunmasının səbəbi əmək haqqı və ona üstəlik xərc maddələrində qənaətin yaranması (yerli icra hakimiyyəti orqanları və səhiyyə bölməsi üzrə bəzi ştat vahidlərinin vakant olması ilə bağlı) və bəzi xərclər üzrə faktiki icranın olmadığı (elektrik enerjisi, qaz, su və s.) üçün vasaitin ödənilməməsi olmuşdur.
Yerli büdcənin hesabında və təşkilatların ayrı-ayrı xərc maddələri üzrə limit qalığında 1 yanvar 2019-cu il tarixə 3.309,7 min manat vəsait qalığı yaranmışdır.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
İl ərzində bütün növ istehlakçı qruplar tərəfindən 118.423,1 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 9.941,7 min manata qarşı 9.191,1 min manat vəsait toplanaraq yığım planı 92,5 % yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 69,9 %, dövlət müəssisələri üzrə 84,5 %, ticarət xidməti üzrə 92,3 %, özəl sənaye üzrə 93,2%, əhali qrupu üzrə isə 96,8 % olmuşdur.
10 kV-luq hava xəttinin 37,7 km məsafəsində əsaslı və cari təmir işləri aparılmışdır. 10 kV-luq Bum, Vəndam, Nic, Mıxlıqovaq, Qaradeyin, Zarağan, Dizaxlı və Mirzəbəyli elektrik verilişi xətlərində 225 ədəd fiziki köhnəlmiş ağac dayaq metal dayaqlarla əvəzlənmiş, 29,5 km məsafədə fiziki köhnəlmiş naqillər dəyişdirilmişdir. 10/0,4 kV-luq transformator yarımstansiyalarında 15 ədəd 400 A-lik, 4 ədəd 250 A-lik ayrıcı quraşdırılmışdır. Qəbələ Paylayıcı Şəbəkə Sahəsinin xidməti ərazisində 135 km məsafədə 0,4 kV-luq fiziki köhnəlmiş və istismara yararsız naqillər ÖDİN (özünü daşıyan izolyasiyalı) naqillərlə əvəz edilmiş, 1633 ədəd fiziki köhnəlmiş 0,4 kV-luq ağac dayaqlar yeni müasir tipli dəmir beton və dəmir dayaqlarla əvəz edilmiş, 41,4 km məsafədə 0,4 kV-luq hava xəttinin trassında ağac kütlələrdən təmizləmə işləri aparılmışdır. 40 ədəd transformator yarımstansiyasının 0,4 kV-luq çıxışında zədəli kabellər yenisi ilə əvəz edilmişdir. Əhali və qeyri əhali sektorunda 678 ədəd yeni sayğac quraşdırılmış, 4.437 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənmişdir.
Təbii qaz istehlakçıları tərəfindən 42.428,3 min kub/metr təbii qaz istehlak edilmiş, 6.331,1 min manata qarşı 6.040,5 min manat vəsait toplanaraq ümumi yığım məbləği 95,4 % olmuşdur. Həmin göstərici əhali sektoru üzrə 94,0 %, büdcə təşkilatları üzrə 94,4 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə 92,9 %, kommunal təşkilatlar üzrə isə 154,6 % təşkil etmişdir.
370 yeni abonentə təbii qaz verilərək əhali abonentlərin ümumi sayı 18.467-ə çatdırılmışdır. Xidmət sahəsi il ərzində istismara yararsız 7.596 p/m xətti yenisi ilə əvəz etmişdir. İşləməyən 275 sayğac əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. Dövlət Proqramı üzrə Azəriqaz İB-nin sifarişi ilə 97 abonent, fərdi qaydada 273 abonent, ümumilikdə 370 əhali abonent və 15 qeyri əhali abonent qazla təmin olunmuşdur. Rayonun Mıxlıqovaq və Kötüklü kəndlərində qazlaşma işləri aparılmış, 1.082 mənzil sayğacla təmin edilmişdir.
Qəbələ Su-kanal İdarəsi tərəfindən Qaraçay və Duruca su mənbələrində yerləşən anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Şəhərin Heydər Əliyev prospektində, Nizami Gəncəvi, İmadəddin Nəsimi, İsmayıl bəy, Məhəmməd Füzuli, Abbas Səhhət küçələrində və mərkəzi kanalizasiya xətlərində təmir-bərpa işləri aparılmışdır. Zarağan kəndində yerləşən məcburi köçkün şəhərciyində 2 ədəd ESV 8-16-140 markalı nasos dəyişdirilmiş, binalara yeni su xətti çəkilmiş və su sayğacları yenisi ilə əvəz olunmuşdur. Hazırda şəhərin su və kanalizasiya təchizatının yenidən qurulması sahəsində ikinci mərhələ üzrə işlər davam etdirilir. Layihənin icrası ilə əlaqədar indiyədək müxtəlif diametrli borularla 52.022 m su xətləri, 47.625 m kanalizasiya xətləri çəkilmiş, 1.390 su və 2.556 kanalizasiya birləşmələri verilmiş, 1.300 ədəd su sayğacı quraşdırılmışdır. İl ərzində 485,8 min manat dəyərində su və kanalizasiya xidməti göstərilmiş, ümumi yığım 103,0 %, o cümlədən əhali sektoru üzrə 99,8 %, büdcə üzrə 100,0 %, kommersiya və digər təşkilatlar üzrə 105,0 % təşkil etmişdir.
Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatı il ərzində şəhər təsərrüfatına 358,4 min manat, ictimai yaşayış binalarına 52,9 min manat, idarə və müəssisələrə 95,2 min manat, kommersiya obyektlərinə və fərdi təsərrüfatlara 19,9 min manat olmaqla cəmi 526,4 min manat dəyərində təmizlik və digər kommunal xidmətləri göstərmişdir.
10 nömrəli Yol İstismarı MMC tərəfindən rayon ərazisində il ərzində 1.369,6 min manatlıq cari təmir və yolların saxlanması işləri görülmüşdür.
Qəbələ Telekommunikasiya Qovşağı 1.373,3 min manat taarif gəliri proqnozuna qarşı 1.392,4 min manat gəlir əldə etmiş, proqnoz tapşırığa 101,4 % əməl etmişdir. Ümumilikdə rayon üzrə 1 şəhər EATS-i (3.630 nömrə), 23 kənd EATS-i (8.354 nömrə), 2 mini EATS-i (64 nömrə) fəaliyyət göstərir ki, həmin EATS-rin ümumi montaj tutumu 12.050 nömrə təşkil edir. 1 kənd (2 nömrə) peyk rabitəsi ilə təmin olunub. Hazırda rayon üzrə hər 100 təsərrüfata düşən telefon abonentlərinin sayı orta hesabla 50 ədəd təşkil edir. İl ərzində şəhər və kənd əhalisinə 410 ədəd telefon çəkilmiş, 1.957 ədəd internet qoşulması verilmişdir. Genişzolaqlı internet xidmətindən istifadə edən abunəçilərin sayı 6.400 nəfər təşkil edir. Şəhər və kənd telefon şəbəkəsində 132 ədəd istismara yararsız rabitə dirəyi dəyişdirilmiş və yeni dəmir dirəklərlə əvəz edilmişdir. Şəhərin “Gənclik” küçəsində 50 nömrə üçün yeni şəbəkə tikilmiş, Heydər Əliyev prospektində 30-a yaxın zədəli çütlüklər təmir olunmuşdur. Həzi Aslanov, 28 May küçələrində və Zarağan kənd xətt şəbəkəsində zədəli kabellər təmir edilmişdir. Hazırda Nic və Bum qəsəbə EATS-nin xətt şəbəkəsində cari təmir işləri davam etdirilir. Mıxlıqovaq kəndinə yeni asfalt yolun çəkilişi ilə əlaqədar 30 ədəd dəmir dirək basdırılmış, Əmirvan, Böyük Pirəli, Məlikli, Zalam, Uludaş, Həmzəli və Soltannuxa kəndlərində 1.310 metr zədəli kabellər dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Vəndam qəsəbə EATS-də internet xidmətindən istifadə üçün 384 portluq yeni DSLAM avadanlığı quraşdırılmış, rabitənin fasiləsiz və dayanıqlı işləməsi üçün 2 qrup akkumlyator batareyası ilə təmin edilmişdir.
“Azərpoçt” MMC-nin Qəbələ Filialı 322,3 min manata qarşı 335,5 min manatlıq poçt-rabitə xidməti göstərərək proqnoz tapşırığı 103,5 % yerinə yetirmişdir.
Dövlər Sosial Müdafiə Fondunun Qəbələ Rayon Şöbəsində il ərzində gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 7.914,3 min manata qarşı 7.365,6 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq, proqnoz tapşırığa 93,1 % əməl olunmuşdur. Proqnozun icrası müvafiq olaraq büdcə təşkilatları üzrə 2.038,5 min manata qarşı 1.970,7 min manat və ya 96,7 %, qeyri-büdcə təşkilatları üzrə isə 5.875,8 min manata qarşı 5.394,9 min manat və ya 91,8 % olmuşdur. İl ərzində 690 sığortaedən qeydiyyata alınmışdır ki, bunlardan 72-i hüquqi, 618-i fiziki şəxs olmuşdur. 1 yanvar 2019-cu il vəziyyətinə şöbədə 11.226 pensiya işi üzrə 11.289 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. Hesabat dövründə pensiyaçılara ümumilikdə 25.393,1 min manat pensiya, 296,9 min manat məcburi dövlət sığorta haqları hesabına müavinətlər ödənilmiş, orta aylıq pensiya məbləği 2.095,3 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 186 manat 64 qəpik təşkil etmişdir. Xərclənmiş vəsaitin 19.205,0 min manatı subsidiyalar, digər hissəsi isə yerli daxilolmalar hesabına olmuşdur.
Hazırda şöbədə əmək pensiyalarından əlavə 4.962 hərəkətdə olan sosial müavinət, 528 təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 385,3 min manatdır.
Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 613 min kub/metr lildən, daşqın və selə qarşı mübarizə məqsədilə 1.167 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş, 312 kub/metr qabion bəndi vurulmuş, 1.265 kub/metr daş-beton bəndi, 63 kub/metr şax bəndi cari təmir edilmişdir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli su tələbatının ödənilməsi ilə bağlı rayonun Çarxana, Aydınqışlaq, Xırxatala, Yenikənd, Tövlə, Uludaş, Tikanlı kəndlərinin və Bum qəsəbəsinin hər birində bir ədəd olmaqla 8 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılmışdır.
Hesabat dövründə rayonda tikinti-quruculuq sahəsində işlər uğurla davam etdirilmişdir.
Belə ki, 2018-ci il ərzində Qəbələ şəhərində 120 uşaq yerlik körpələr evi-uşaq bağçası və Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi işləri başa çatdırılmışdır. Eləcə də Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidənqurulması keçid obyektində inşaat işləri davam etdirilmişdir. Bununla yanaşı şəhərin Heydər Əliyev prospekti 6 və 19 nömrəli ünvanalrındakı ikimərtəbəli ictimai yaşayış binalarında, Muxtar Abduyev küçəsindəki 5 mərtəbəli yaşayış binasında, Zərifə Əliyeva adına parkda əsaslı təmir işləri başa çatdırılmış, Heydər Əliyev prospekti 28 və 30 nömrəli ünvanlardakı yaşayış binalarının dam örtükləri əsaslı təmir olunmuş, Hacıalılı kənd uşaq bağçasında təmir işləri aparılmış, şəhərin Əhməd Cavad, Məhəmməd Qəribov, Əhmədağa Bağırov, İsmət Qayıbov, Mirzə Fətəli Axundov, Arif Haqverdiyev və Seyid Əzim Şirvani küçələrində 23.880 kv.m asfalt örtük vurulmuşdur. İl ərzində rayonun Laza kəndində 80 şagird yerlik ümumi orta və Zərgərli kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəb binaları tikilib istifadəyə verilmişdir. Hazırda rayonun Şəfili kəndində 20 şagird yerlik ibtidai, Qaradeyin kəndində 80 şagird yerlik modul tipli tam orta məktəb binalarında quraşdırma, Vəndam qəsəbə sahəsindəki 2 nömrəli məktəb üçün isə 360 yerlik yeni məktəb binasında tikinti işləri davam etdirilir. Rayonun Mıxlıqovaq kəndində içməli su təchizatı sisteminin qurulması layihəsi həyata keçirilmişdir.
Qəbələ şəhərində 160 çarpayılıq rayon mərkəzi xəstəxana kompleksinin tikintisi, Dəmiraparan çayının sahilində Qəbələ şəhərinin sel sularından və daşqınlardan mühafizəsi məqsədilə aparılan sahilbərkitmə işləri davam etdirilmiş, 43 kilometrlik Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlanılmışdır.
2018-ci il ərzində Qəbələyə gələn xarici ölkələrin dövlət rəsmilərinin və turistlərin sayı da əhəmiyyətli dərəcədə artmışdır. Beynəlxalq əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılmış və bir çox beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Belə ki, fevral ayında VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan iştirakçıları Qəbələnin Nic qəsəbəsinə səfər edib, onlara udi xalqının tarixi ilə bağlı məlumatlar verilib. May ayında Qəbələ Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri Yarışları, iyun ayında Vəndam qəsəbəsində 1500 nəfərin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi”nə həsr edilmiş “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı, Heydər Əliyev Konqres Mərkəzində 350 nəfərin iştirakı ilə "Gənc xilasedici" VI Beynəlxalq yarışı və "Gənc xilasedici və yanğınsöndürən" VII Ümumrespublika birinciliyinin final mərhələsi keçirilmişdir.
Hesabat dövründə Almaniya Federativ Respublikasının və İsrail dövlətinin səfirləri tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişlər. Səfər çərçivəsində hər iki səfir rayonun tarixi yerləri və sənaye müəssisələri ilə yaxından tanış olmuşlar.
Bununla yanaşı iyun ayının 20-22 tarixlərində mənim rəhbərlik etdiyim nümayəndə heyəti Polşanın Qnezno şəhərində keçirilən Azərbaycan Respublikasında müstəqilliyin əldə edilməsi və Polşa Respublikasının müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmişdir.
Səfər zamanı nümayəndə heyəti Qnezno şəhərinin bir sıra istehsal müəssisələri, bölgənin tarixi-mədəni yerləri və turizm sektoru ilə yaxından tanış olmuşdur.
Hesabat dövründə rayonun ictimai-siyasi həyatının mühüm sahəsi olan dini durum və dini ayinlərin icrası “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun tənzimlənmişdir.
Rayonumuzda yaşayan etnik qrupların adət-ənənələrinin, mədənəiyyətlərinin, dillərinin qorunmasına və inkişaf etdirilməsinə daimi qayğı göstərilir.
2017-2018-ci tədris ilini rayonumuzun təhsil işçiləri yüksək nəticələrlə başa vurmuş, ümumilikdə təhsilin göstəriciləri qənaətbəxş olmuşdur.
Belə ki, 2017-2018-ci dərs ilində müvəffəqiyyət faizi 99,9%, keyfiyyət göstəricisi isə 66,9% olmuşdur.
İlin nəticələrinə görə Şəhər 1, 2, 3, 4, 5 nömrəli, Vəndam qəsəbə 1, 2 nömrəli, Nohurqışlaq, Tüntül, Bunud, Həmzəli, Soltannuxa, Hacıalılı, Çarxana, Yemişanlı, Mıxlıqovaq, Mirzəbəyli, Xırxatala, Dizaxlı və Daşca kənd tam orta məktəblərinin göstəriciləri yüksək olmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı təqdimat” müsabiqəsində şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Tünzalə Rzayeva qalib gəlmişdir.
Rayonumuzun müəllimləri respublika əhəmiyyətli müsabiqələrdə fəal iştirak etmiş, təhsildə keyfiyyət ili ilə əlaqədar təşkil olunmuş pedaqoji mühazirələrin rayon mərhələsində Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Zöhrə Mirzəliyeva birinci, Zalam kənd tam orta məktəbin tarix müəllimi Fərqanə Ağayeva isə ikinci yeri tutmuşlar.
Tüntül kənd tam orta məktəbin direktoru Telman Abdulxalıqov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “ Tərəqqi “ medalı, Kürd kənd tam orta məktəbin müəllimi Ümidvar Həsənov Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri fərmanı”, Nic qəsəbə 5 nömrəli tam orta məktəbin müəllimi Roza Koçari isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişlər.
XI sinif məzunları üçün keçirilən buraxılış imtahanlarının nəticələri də əvvəlki dərs ili ilə müqayisədə yüksək olmuşdur. Belə ki, 2017-2018-ci dərs ilində bu göstərici 61,34 % olmuşdur. XI sinif məzunlarından 1164-nəfər tam orta təhsil kursu üzrə attestat almışdır. Şəhər 3 nömrəli tam orta məktəbin məzunu Gülsüm Quliyeva qızıl medala layiq görülmüşdür.
Ötən dərs ilində 50 nəfər məzun 600-dən yuxarı bal toplayaraq respublikanın ali təhsil müəssisələrinə qəbul olunmuşdur.
Bunud kənd tam orta məktəbin məzunu Tural Məmmədov qəbul imtahanında yüksək nəticə əldə edərək Prezident təqaqüdünə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikada IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyası çərçivəsində ötən ilin mart və noyabr ayları ərzində ölkənin bir çox şəhər və rayonlarından olan 2000 nəfərə yaxın məktəbli Qəbələyə gəlmiş, rayonumuzla ətraflı tanış edilmişlər. Eləcə də, həmin aksiya çərçivəsində Qəbələ məktəbliləri ölkənin Quba-Qusar-Xaçmaz rayonları ilə tanış olmuşlar.
Rayonumuzda fəaliyyət göstərən 23 məktəbəqədər təhsil müəssisələrində maddi texniki vəziyyətin yaxşılaşdırılması məqsədilə ötən ilin yerli büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq 12300 manatlıq yumşaq, 12300 manatlıq bərk inventar, 2460 manatlıq digər avadanlıqlar alınaraq həmin müəssisələrə verilmişdir.
Qəbələ rayonunda fəaliyyət göstərən mədəni-maarif müəssisələri tərəfindən 2018-ci il ərzində bütün tarixi hadisələr, yubileylər və əlamətdar günlər qeyd olunmuş, bir cox maraqlı mədəni-kütləvi, bədii proqramlar hazırlanmışdır.
Bakıda Dənizkənarı Milli Parkda keçirilən ümumrespublika Novruz şənliyində Qəbələ rayonunda istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarını özündə əks etdirən stend təşkil olunmuş, kulinariya məhsulları və xalq tətbiqi sənəti nümunələri sərgilənmişdir.
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mədəniyyət mərkəzində ümumrayon tədbiri keçirilmiş, ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş kompozisiyalar və filmlər nümayiş etdirilmişdir.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb etmişdir. Bu möhtəşəm musiqi bayramına Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrin dünya şöhrətli musiqiçiləri və musiqi kollektivləri qatılmış, həmçinin Azərbaycanın tanınmış musiqiçiləri iştirak etmişlər.
Qəbələdə hazırda 19 turizm istirahət obyekti fəaliyyət göstərir. Onların arasında 7 otel beşulduzludur. Rayonumuzdakı otel və mehmanxana tipli istirahət mərkəzlərində bir gündə 2500-dən yuxarı turisti qəbul etmək imkanı vardır. 2018-ci il ərzində bu mərkəzlərə 518.085 nəfər turist gəlmişdir.
Rayon mərkəzi xəstəxanasında 2018-ci il ərzində stasionar xəstələrin sayı 2427 nəfər, cərrahi əməliyyatların sayı 245 olmuşdur.
Bu müddət ərzində ambulator müraciət edən xəstələrin sayı 208130 nəfər təşkil etmişdir.
18 yaşadək olan uşaqların il boyu aparılan icbari dispanserizasiyasına 25922 nəfər cəlb olunmuşdur.
Məcburi tibbi müayinəyə il ərzində 5126 nəfər obliqat qrup cəlb edilmişdir. Onlardan 2871 nəfəri təhsil, 587 nəfəri səhiyyə işçiləri, 1968 nəfəri isə digər sahələrdə çalışanlardır.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında respublikada 18 yaşından yuxarı olan əhalinin ötən il fevralın 15-dən mayın 15-dək kütləvi tibbi müayinəsi keçirilmişdir. Tərtib edilmiş qrafikə əsasən rayon mərkəzi xəstəxanasında və müalicə diaqnostika mərkəzində 66118 nəfər tibbi müayinələrə cəlb edilmişdir. Müayinələrin nəticəsinə əsasən 3603 nəfərə ambulator müalicə təyin olunmuş, 295 nəfər stasionar müalicəyə cəlb edilmiş, 184 nəfər isə Bakı şəhərindəki ixtisslaşdırılmış klinikalara göndərilmişdir.
Qəbələ rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ilin əvvəlindən yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr və yoluxucu xəstəliklər üzrə kompleks tədbirlər həyata keçirilmişdir.
Aparılmış profilaktik tədbirlərin nəticəsində son 10 il ərzində rayonda uşaqlar arasında difteriya, göy ösgürək, tetanus, qızılça, parotit, məxmərək kimi idarə oluna bilən yoluxucu xəstəliklər qeydə alınmamışdır.
Hesabat dövrü ərzində Qəbələ Müalicə Diaqnostika Mərkəzinin konsultativ poliklinika şöbəsinə xəstə gəlişlərinin sayı 22033, endoskopiya kabinetində müayinələrin sayı 1287, EKQ müayinələrinin sayı 4548, stomatoloji kabinetdə müalicə olunan xəstələrin sayı 620 nəfər, stasionar şöbəyə daxil olan xəstələrin sayı 1170 nəfər, aparılmış cərrahiyyə əməliyyatlarının sayı 1082 olmuşdur. Bu müddət ərzində hemodializ şöbəsində 50 xəstədə 6912 hemodializ seansı aparılmış, şüa diaqnostika şöbəsində USM müayinələrinin sayı 20274, kompüter tomoqrafik müayinələrin sayı 1762, rentgen müayinələrin sayı 17822, fizioterapiya və tibbi bərpa şöbəsində prosedurların sayı 6126 olmuşdur.
Rayon gənclər və idman idarəsi tərəfindən 2018-ci il ərzində 67 tədbir həyata keçirilmişdir. Bunlardan 35 tədbir gənclərlə iş sahəsini, 32 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən respublika tədbirlərində, yarış və birinciliklərdə Cavid Əzizov və Əhmədiyyə Cəfərov gənclər arasında taekvondo idman növü üzrə keçirilən ölkə birinciliyində III, Hilal Xurşudov Qocyu-ryu Okinava karate-do və Kempo-Ryu kobudo növləri üzrə yeniyetmə, gənclər və böyüklər arasında keçirilən XXI ölkə çempionatı və birinciliyində II, Sənan Şükürov qol güləşi üzrə X ölkə çempionatında və ölkə kubokunda I yeri tutmuşlar. Fuad Musayev qarışıq döyüş növləri üzrə I açıq beynəlxalq profesional turnirdə qalib olmuşdur. Bundan əlavə Aydan Hüseynzadə şahmat məsələlərinin əyani həlli üzrə 14-cü beynəlxalq həlletmə yarışında III və şahmat məsələlərinin əyani həlli üzrə 30-cu Azərbaycan çempionatında II, Araz Alməmmədov isə şahmat məsələlərinin əyani həlli üzrə 30-cu Azərbaycan çempionatında III yeri tutmuşdur.
2018-ci ildə Qəbələ Olimpiya İdman Kompleksinin xidmətlərindən 2314 nəfər gün istifadə olunmuşdur ki, bir günlük xidmətlərdən istifadə edənlərin orta sayı 1042 nəfər təşkil etmişdir. Bir günlük xidmətlərdən istifadə edənlərin 482 nəfəri ödənişli əsasla, 560 nəfəri ödənişsiz əsasla kompleksin xidmətlərindən yararlanmışdır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2018-2019-cu dərs ilindən etibarən lisey statusu ilə fəaliyyət göstərməyə başlamışdır.
Tədrisin müassir tələblər baxımından təşkil edilməsi üçün beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə mərkəzdə olmuşlar. BMT-nin İnkişaf Proqramı (UNDP), “Brtish Council” və Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə il ərzində məkəbdə müəllim və istehsalat təlimi ustaları üçün təlimlər keçmişdir. Həmin ixtisaslar üzrə sagirdlər yeni dərsliklərlə təmin olunmuşlar. UNDP-nin dəstəyi ilə keçən tədris ilində şagird və müəllimlərin praktik bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün bir neçə səfər təşkil edilmişdir. Həmin ixtisaslar üzrə tədris Azərbaycan Dövlət Aqrar Universitetinin təlimçi müəllimləri tərəfindən aparılmışdır.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində təhsil müddəti 2 il olan qruplar aşpaz və turizm agenti, təhsil müddəti bir il olan qruplar isə mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi, kompüter operatoru, aşpaz, ofisiant, barmen, bufetçi, mehmanxana inzibatçısı peşəsinə yiyələnmişlər.
Son zamanlar təhsil sahəsində baş vermiş yeniliklər bir daha göstərir ki, peşə təhsili sisteminə diqqət getdikcə artmaqdadır və əmək bazarı, iqtisadiyyatın və müasir qloballaşma prosesinin tələbləri bu sahəni inkişaf etdirməyə zərurət yaradır. Hazırda peşə-ixtisas təhsili və təlimi ciddi islahat mərhələsindədir.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 2018-ci il ərzində 71 ailəyə səfər edilmiş, 26 maarifləndirici tədbir və təlimlər keçirilmiş və həmin təlimlərdə 1156 nəfər iştirak etmişdir.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəz tərəfindən 2018-ci il ərzində 12 rayonda fəaliyyət göstərən koordinasiya mərkəzləri ilə mütəmadi əlaqələr yaradılmış və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən layihələr həyata keçirilmişdir.
Ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi son illər aqrar sahənin inkişafına dövlət qayğısının artması nəticəsində bu sektorda xeyli irəliləyiş nəzərə çarpır. Qeyd etmək lazımdır ki, 2018-ci ildə aqrar sahədə artım 4,6 faiz olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi vəsaiti hesabına yardımların verilməsini nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin həmin sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarında böyük stimul yaratmışdır.
Həmin Sərəncamın rayonumuzda icrası ilə əlaqədar olaraq cari ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına 1531500 manat məbləğində yardımlar hesablanmış və plastik kart vasitəsi ilə istehsalçılara çatdırılmışdır. Eləcə də 2018-ci ildə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsindən subsidiya verilməsinə başlanmışdır. Artıq 4243 arı ailəsi qeydiyyata alınmış və işlər davam etdirilir.
Qeyd etmək lazımdır ki, taxılçılıq rayonun aqrar iqtisadiyyatının əsasını təşkil edir. 2018-ci ilin məhsulu üçün 2017-cı ilin payızında 20100 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, onun da 14600 hektarını buğda, 5500 hektarını isə arpa sahələri təşkil edir. Biçilmiş buğda sahələrinin məhsuldarlığı 32,6 sentner, arpa sahələrinin məhsuldarlığı isə 31 sentner olmaqla hər hektarın orta məhsuldarlığı 32,5 sentner təşkil etmişdir. 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 20190 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 15790 hektarı buğda, 4400 hektarı isə arpa sahələri olmuşdur.
Torpaq sahibləri tərəfindən 2018-ci ildə 632 hektar sahədə kartof, 559 hektar sahədə tərəvəz əkilmişdir. Həmin sahələrdən 8215 ton kartof, 5508 ton tərəvəz istehsal edilmişdir. Qeyd etmək lazımdır ki, son illər rayonun kənd təsərrüfatı bitkilərinin əkin quruluşunda xeyli dəyişiklik aparılıb. Belə ki, heyvandarlığın yemə olan tələbatının ödənməsi üçün taxıl sahələri 1500 hektara qədər azaldılmış və həmin sahələrdə yem bitkiləri əkilmişdir. Rayonda yonca, vələmir, yem noxudu və yem çuğunduru əkinlərinə diqqət artırılmışdır.
Aqrar sahədə çalışan fermerlərimiz mütərəqqi metodlar tətbiq edərək əkin sahələrinin genişləndirilməsinə deyil, məhsuldarlığın artırılmasına diqqəti artırmışlar.
Rayon üçün meyvəçilik və üzümçülük də önəmli sahələrdən hesab edilir. Hazırda rayonda 6854 hektar bağ sahələri, 621 hektar üzüm plantasiyaları mövcuddur. Həm əhalinin həmin məhsullara olan tələbatının ödənməsi istiqamətində, həm də rayonda həmin sahələrin məhsullarını emal edən sənaye müəssisələrinin xammala olan tələbatının ödənməsi baxımından meyvə və üzüm sahələrinin genişlənməsinə və məhsuldarlığın yüksəldilməsinə diqqət artırılmalıdır. Növbəti il üçün rayonumuzda süfrə üzümü sahələrinin artırılması nəzərdə tutulub.
Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi indi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. İxrac yönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması diqqət mərkəzində saxlanmalıdır.
Bu baxımdan fındıqçılığın mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq rayonumuzda əlavə olaraq 2000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulmuşdur. 2016-2017-ci illərdə rayonda 1218 hektar, 2018-ci il ərzində isə 533 hektar olmaqla cəmi 1751 hektar yeni fındıq bağları salınmışdır.
Rayonumuzda barama və tütün istehsalına da başlanılmışdır. Hesabat ilində 101 nəfər kümçü tərəfindən 9110 kq barama istehsal edilmişdir. Barama istehsalının artırılması məqsədi ilə 2016-cı ilin payızından etibarən tut tinglərinin əkilməsinə başlanılmışdır ki, bu da gələcəkdə bizə barama istehsalının artırılmasına şərait yaradacaqdır.
2018-ci ildə 75 ha sahədə tütün əkilmişdir. Yüksək keyfiyyətli tütün yetişdirilməsinə nail olmaq üşün tütün sahələrində bütün aqrotexniki tədbirlər vaxtlı- vaxtında aparılmışdır. İlin sonuna kimi 100681 kq quru tütün təhvil verilmişdir.
Güzəştli qaydalarla 2874 nəfərə 3022 ton gübrə və 239 nəfərə 3764 litr pestisid verilmişdir.
Məlum olduğu kimi yüksək məhsuldarlığın əldə olunmasında kondisiyalı toxum mühüm rol oynayır.
Rayonda fəaliyyət göstərən 4 özəl toxumçuluq təsərrüfatlarının 1081,1 hektar əkin sahəsində aprobasiya aparılmış 958,3 hektar sahə toxumçuluq üçün yararlı olması müəyyən edilmişdir. Toxumluq əkin sahələrində aprobasiya aparılaraq ortaq məhsuldarlıq müəyyən edilmişdir. Biçilmiş toxumluq sahələrin məhsuldarlığı 43 sentner olmuşdur.
Hazırda rayon üzrə kənd təsərrüfatı işlərinin aparılması üçün kifayət qədər kənd təsərrüfatı texnikası vardır. Belə ki, rayonda 2 böyük və 2 kiçik həcmli aqroservis müəssisəsi fəaliyyət göstərir və onlarda müəyyən qədər kənd təsərrüfatı texnikası mövcuddur. Bundan əlavə rayon üzrə 416 fiziki şəxsdə müxtəlif kənd təsərrüfatı texnikaları vardır. Bütövlükdə rayonda 63 ədəd taxılyığan kombayn, 29 ədəd tırtıllı və 398 ədəd təkərli traktor, 24 ədəd buldozer, 47 ədəd ekskovator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.
2018 il üzrə rayonda iri buynuzlu mal-qaranın sayı 45511 baş, o cümlədən inək və camışlar 22550 baş, qoyun-keçilər 189919 baş, donuzların sayı 750 baş olmuşdur.
Bu müddət ərzində ət istehsalı (diri çəkidə) 6265 ton, süd istehsalı 40472 ton, yumurta istehsalı 22956 min ədəd, yun istehsalı isə 413 ton təşkil etmişdir.
Rayonumuzda 2 müasir heyvandarlıq kompleksləri və 4 ədəd kiçik həcimli heyvandarlıq təsərrüfatı fəaliyyətə başladıqdan sonra rayon əhalisinin ətə və südə olan tələbatının ödənməsində müsbət dəyişikliklər baş vermişdir.
Rayonda mal-qaranın cins tərkibinin, eləcə də damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün 7 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir. Ötən il ərzində süni mayalama mütəxəssisləri tərəfindən 7771 baş inək və düyələrdə süni mayalama aparılmış və süni mayalanmış heyvanlardan 4348 baş yüksək genetik potensiala malik buzovlar alınmışdır. 2016-cı ilin oktyabr ayından etibarən süni mayalama yolu ilə alınmış hər baş buzova subsidiya verilir. 2018-ci il ərzində süni mayalanmadan alınmış 2382 baş buzovlara 238000 manat məbləğində subsidiya ödənilmişdir.
2018-ci ildə qızılbalıqyetişdirmə zavodunda təbii su hövzələrinə, Xəzər dənizinə və Kür çayına buraxılması təmin etmək məqsədilə 82000 ədəd kürü alınmışdır. Hazırda müəssisədə kürüdən çıxan balıq süfrələrinin bəslənməsi davam etdirilir.
Rayonda heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika işləri aparılır və hazırda epizootik durum sabitdir.
Qəbələ Regional Meşə Təsərrüfatı Mərəkəzi tərəfindən ötən il 93,3 hektar ərazidə meşə əkini işləri aparmış, 10 min ədəd fındıq tingləri əkilmiş, 3695 kq ağac və kol cinslərinin toxumları tədarük olunmuşdur. Bu müddət ərzində 445,4 min ədəd tut, 79 min ədəd qoz, 59,2 min ədəd şabalıd, 12,9 min ədəd ərik və 2,1 min ədəd alma tingləri yetişdirilmşdır.
2018-ci il ərzində rayon icra hakimiyyətində müasir informasiya texnologiyalarından istifadə olunmaqla vətəndaşların müraciətlərinə operativ şəkildə baxılması təmin edilmişdir.
Bu dövrdə rayon icra hakimiyyətinə ümumilikdə 830 ərizə daxil olmuşdur. O cümlədən 327 ərizə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 13 ərizə Milli Məclisdən, 12 ərizə Nazirlər Kabinetindən, 60 ərizə mərkəzi icra hakimiyyəti orqanlarından, 367 ərizə isə vətəndaşlardan birbaşa daxil olmuşdur.
Vətəndaşlar tərəfindən göndərilən ərizələrin məzmunu əsasən onların mənzillə təmin olunması, müalicəyə göndərilməsi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, birdəfəlik maddi yardımın verilməsi, işə düzəlmə və s. barədə olmuşdur.
Daxil olan ərizələr ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablar verilmişdir.
Ötən il ərzində vətəndaşların qəbulunun həyata keçirilməsi istiqamətində də müvafiq işlər görülmüşdür. Belə ki, 2018-ci il ərzində 793 nəfər vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Qəbula gələn vətəndaşların müraciəti ilə bağlı lazımi tədbirlər görülmüş, onların haqlı tələbləri qanunamüvafiq qaydada həll edilmişdir.
Eləcə də hesabat dövrü ərzində rayon icra hakimiyyəti başçısının 38 səyyar görüş-qəbulu keçirilmişdir. Qəbullarda 3182 nəfər iştirak etmişdir. Onlardan 263 nəfər çıxış edərək müxtəlif təkliflər irəli sürmüşlər.
İrəli sürülən təkliflərin və müraciətlərin 235-i həll edilmiş, 12 məsələnin həlli ilə bağlı müvafiq izahat verilmiş, digər 16 məsələnin həlli istiqamətində respublikanın əlaqədar təşkilatları qarşısında məsələ qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, yeni məktəb binalrının, səhiyyə, mədəni-maarif obyektlərinin, körpülərin tikintisi, artezian quyularının qazılması və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən ölkə başçısı bildirmişdir ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizə aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulamışdır.
Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən cənab İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini bildirmişdir.
2019-cu ildə yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya idman komplekslərinin, “ASAN xidmət” mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən cənab İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını diqqətə çatdırmış, ölkədə masir sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxunmuş, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların müsbət nəticə verəcəyinə əmin olduğunu bildirmişdir.
Sonda Prezident cənab İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ili “Nəsimi İli” elan etmişdir.